Sentyabrın 26-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 1 oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olmuş prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Baş prokuror Ümummilli Liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən ermənilərin 30 ildən artıq işğal altında saxladığı torpaqların azadlığına qovuşmasını, həmçinin keçirilmiş qısamüddətli lokal xarakterli antiterror tədbirləri ilə separatçı qüvvələrin yerləşdiyi ərazilərdə vətəndaşlarımızın təhlükəsizliyi və suverenliyimizin tam bərpa edilməsi hadisəsinin ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazıldığını bildirib, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Qarabağda və digər ərazilərdə aparılan bərpa və quruculuq işlərini xüsusi vurğulayıb, ölkə rəhbərliyi tərəfindən şəhid ailələri, qazilər və müharibə veteranlarına diqqət və qayğı göstərilməsinin cəmiyyətimiz üçün örnək olduğunu qeyd edib.
İştirakçılar şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək dövlət tərəfindən onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən danışıb, həmçinin göstərilən dəstək və qayğıya görə məmnunluqlarını ifadə ediblər.
Görüşə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da ardıcıl tədbirlər görüləcəyini, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.