“Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat prosesi davam edir

26 Sentyabr 2024 11:53 (UTC+04:00)

“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanı təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər tərəfindən ödənişsiz əsaslarla keçirilir”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Azərbaycan Gənc Müəllimlər Assosasiyasının nümayəndəsi Fidan Quluzadə deyib.

O bildirib ki, tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir: “Ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveç, Fransa və digər ölkələrdə yaşayan həmvətənlərimizdən ibarət 30 qrup üzrə 500-dən çox şəxs qoşulub. İki yarımil davam edən layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarılar üçün də əlavə 2 qrup təşkil olunub. Layihənin sonunda isə imtahandan uğurla keçən iştirakçılara sertifikatlar verilib.

Linkə keçid etməklə “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/VqpmebKNWaF94on29