Kişilərin beyni axşamlar kiçilirmiş

25 Sentyabr 2024 23:04 (UTC+04:00)

Kişilərin beyinlərinin hormon səviyyələrinə bağlı olaraq axşamlar kiçildiyi ortaya çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, amerikalı tədqiqatçılar 26 yaşlı bir kişinin beynini 30 gün ərzində 40 dəfə araşdırıb.

Tədqiqatda maqnit-rezonans (MR) üsulu ilə səhər saat 07:00 və axşam 20:00 arasında beyin məlumatları toplanıb. Testosteron, kortizol və estradiol hormonlarının ən aşağı səviyyədə olduğu axşam saat 20:00-də beynin kiçildiyi müəyyən edilib. Tədqiqatçılar zehni funksiyalarda, yaddaşda, duyğularda və hərəkətlərdə mühüm rol oynayan boz maddənin həcminin hər gecə təxmini 0,6% azaldığını hesablayıblar.

Pennsilvaniya Universitetinin Perelman Tibb fakültəsindən Lora Prişet (Laura Pritschet) "Kişilərdə steroid hormonlarının səviyyəsi səhər və axşam arasında 70% azalır" deyərək beyindəki kiçilmənin bununla əlaqəli olduğunu bildirib. Prişet səhər və axşam saatları arasındakı həcm dəyişikliyinin yaşla birlikdə azaldığını da vurğulayıb.

Tədqiqat “The Journal of Neuroscience” jurnalında dərc edilib.