Zəngilanda təlim təşkil edilib

25 Sentyabr 2024 19:26 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə keçirilən azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixososial işin təşkili layihəsi davam etdirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən növbəti təlim Zəngilan rayonunda təşkil edilib. Ağalı kənd tam orta məktəbində keçirilən təlimdə Dövlət Komitəsinin əməkdaşları və müəllim-şagird-valideyn kollektivi iştirakı edib.

Tədbirdə çıxış edən Komitənin Ailə məsələləri şöbəsinin əməkdaşı Əmirxan Səfərov iştirakçılara layihənin məqsədi barədə məlumat verərək, bu ərazilərdə əhali ilə aparılacaq psixososial işin əhəmiyyətini vurğulayıb.

Psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova təlim iştirakçılarına ətraflı məlumat verib.

Təlimin birinci hissəsində valideynlərlə görüş təşkil olunub. Sosial ünsiyyətin əhəmiyyətindən, uşaqların bilik və bacarıqlarının artırılmasının əhəmiyyətindən, gələcəkdə mənfi vərdişlərdən uşaqları kənar tutmaq üçün ünsiyyətin düzgün qurulmasından danışılıb. Həmçinin uşaqların mühakimə edilmədən dinlənilməsinin və onların fikirlərini anlamağa çalışmağın vacibliyi vurğulanıb. Təlim zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təlimin ikinci hissəsində isə şagirdlərlə görüş təşkil olunub. Uşaqların yaş xüsusiyyətlərindən, düşüncə tərzlərinin formalaşmasından bəhs olunub. Təlim zamanı effektiv ünsiyyət texnikaları, işgüzar mühitdə etik normalar, komanda quruculuğu və fərdi yanaşma haqda şagirdlərə ətraflı məlumat verilib. Həmçinin stres və mübarizə mexanizmləri, emosional dözümlülük texnikaları haqqında şagirdlər maarifləndirilib. Stresin, fiziki və ya emosional narahatlığa gərginliyə səbəb olduğu haqda danışılıb. Bundan başqa, sosial platformalardan doğru məqsədlərlə istifadə etməyin əhəmiyyəti, müasir texnologiyalardan ziyansız olaraq yararlanmağın faydaları şagirdlərə çatdırılıb.

Qeyd edilib ki, emosional özünü tənzimləmə, yumor və təbəssüm, sevimli məşğuliyyət, bağçaçılıq, xeyirli işlər, müxtəlif kurs və təlimlərdən yararlanmaq streslə mübarizədə əsas mexanizmlərdən sayılır. Təlim zamanı şagirdlərin sualları cavablandırılıb və bir sıra mövzular müzakirə olunub.

Şagirdlərə məktəb çantası, dərs ləvazimatları və bədii kitablar hədiyyə edilib.