“Torpaqlarımız müvəqqəti də olsa, Rusiya nəzarətində qala bilməz"

25 Sentyabr 2024 18:06 (UTC+04:00)

Ukrayna “müharibəni sona çatdırmaq üçün torpaqlarının bir hissəsinin Rusiyanın işğalı altında qalması” fikrini qətiyyətlə rədd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu açıqlama Çexiya prezidenti Petr Pavelin münaqişə bitdikdən sonra "bəzi Ukrayna torpaqlarının müvəqqəti olaraq Rusiyanın nəzarətində qalması" seçiminin nəzərdən keçirilməsi təklifinə cavab olaraq verilib.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya qoşunlarının "Ukraynanın suveren ərazilərindən beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində" çıxmasını nəzərdə tutan sülh formuluna sadiqliyini vurğulayıb: “Məsələ insan həyatıdır, azadlıqdır, ortaq dəyərlərdir, Rusiyanın törətdiyi cinayətlərə görə ədalətin bərpa edilməsidir, beynəlxalq sülh və təhlükəsizliyin yenidən təsisidir. Ona görə yarımçıq həll yolları qəbuledilməzdir. Bu kontekstdə müvəqqəti həll yolları tam sülhü təmin etməyəcək, sadəcə müharibəni təxirə salacaqdır."

Çexiya prezidenti Petr Pavel isə Ukrayna Xarici İşlər Nazirliyinin reaksiyasına cavabında sözlərinin yeni bir mövqe olmadığını və problemin real bir yanaşma ilə həll edilməsinin vacibliyini söyləyib: “Ukraynanın ərazi bütövlüyünü yenidən bərpa etməsinə dəstək verilməlidir. Bu, yekun məqsədi heç vaxt sual altına qoymamışam. Amma bu məqsədə çatmaq üçün tələb olunacaq vaxt və maliyyə barədə real olmalıyıq".

Çex dövlət başçısı həmçinin "Ukrayna əhalisinin yarısını məhv etmək bahasına Rusiyaya qarşı qazanılacaq bir qələbə çox güman ki, qələbə sayılmayacaqdır" deyə əlavə edib.