Ermənistandan "qəzəbli" ADEX həmləsi - RAKURS

25 Sentyabr 2024 16:25 (UTC+04:00)

İştirakçı ölkələr hədəfdə...

Azərbaycanda keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi Ermənistanda böyük rezonans yaradıb. Necə deyərlər, İrəvanın “çuxasına birə salıb”, yuxusunu ərşə çəkib. Söhbət burada nümayiş etdirilən silahlardan çox, burada təmsil olunan ölkələrdən gedir. Ermənistan qoşulmağa hazırlaşdığı Avropa Birliyi və NATO ölkələrinin ADEX-də təmsil olunmalarını heç cür qəbul etmək istəmir və kəlmə başı “ayıbdır” deyir. Bəs, İrəvanı özündən çıxaran əsl səbəb nədir?

Ermənistanda düşünürlər ki, guya ADEX sərgisində nümayiş etdirilən silahlar Azərbaycanın özü tərəfindən deyil, NATO ölkələrindən olan tərəfdaşların yaxından iştirakı ilə istehsal olunub. Əlbəttə, burada nümayiş etdirilən silahların, texnikaların bir qismi iştirakçı ölkələrdə istehsal edilib. Azərbaycanla müştərək istehsal edilənlər də var. Amma Azərbaycanın özünün istehsal etdiyi silahlar da az deyil. Sayca 5-ci dəfə keçirilən “ADEX” sərgisi dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır. Bu il yubiley sərgisində daha çox - dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir.

Ermənistan isə ABŞ, Fransa və Hindistan tərəfindən məhz regionda gərginliyi artırmaq, yeni müharibəyə təşviq üçün silahlandırılır. Türkiyə- Azərbaycan cütlüyünü neytrallaşdırmaq və Zəngəzur dəhlizinə şəriksiz nəzarət planın əsas hissəsidir. Bundan əlavə, Ermənistanın arxasında duran güclər artıq bir ili tamam olmuş antiterror tədbirlərinin nəticələri ilə barışmadıqlarını hər addımda büruzə verirlər. Onlar üçün beynəlxalq qanunlar, ölkələrin ərazi bütövlüyünə hörmət anlayışı arxa plandadır. Fakt budur ki, Ermənistan Azərbaycan ərazisində, Qarabağda yaratdığı separatçı qurum vasitəsilə torpaqlarımızı işğal etməyi düşünürdü. Əlbəttə, arxasında duran güclərə, həm də dünyada ədaləti bərpa etməyə borclu olan ABŞ və Fransa kimi ölkələrə və onların yandaşlarına güvənərək cinayətkar addımı atırdı. Beynəlxalq təşkilatların tribunasından ölkələrin ərazi bütövlüyünün beynəlxalq sənədlərlə qorunduğunu, toxunulmaz olduğunu təkrarlayan həmin ölkələr Azərbaycana gələndə susur, məsələni “xalqların öz müqəddaratını təyinetmə hüququ”ndan sonraya saxlayırdılar. Bu isə qəbuledilməz idi, heç bir ölkə, o cümlədən Azərbaycana ermənilərin hüququndan dəm vuran ABŞ, Fransa, Kanada, Belçika, Niderland kimi ölkələr oxşah vəziyyəti özlərinə rəva görmək istəmirdilər.

Erməni mətbuatı İtaliyanın müdafiə naziri Qido Krosettonun ADEX sərgisində iştirak etmək üçün Bakıya gəlişini bir az da uzağa gedərək xəyanət adlandırıblar. Guya İtaliyanın Ermənistan qarşısında hansısa öhdəliyi var. Krosettonun Zakir Həsənovla görüşünü fəlakət adlandırırlar, NATO ölkəsi olduğuna görə rəsmi Romanı qınayırlar. Əslində bu ittihamların kökündə Hindistan, Fransa, ABŞ və digər dövlətlərin Ermənistanı silahlandırmasının ört-basdır edilməsi dayanır. Erməni rəsmidən gələn açıqlamada nə olduğunu siz də görün: “NATO rəhbərliyi İtaliyanı Azərbaycanla bu cür təmaslara görə qınamağa borcludur. Bununla belə, Türkiyəni “artsax”ın işğalında iştirakına görə qınamağa gələndə NATO rəhbərliyinin biabırçı susqunluğunu artıq görmüşük. İndi gördüyümüz kimi, Azərbaycan eyni müttəfiqlərlə yeni müharibəyə hazırlaşır. Siyahıya İtaliya da əlavə olunub”. Şərhə ehtiyac yoxdur.

Qeyd edək ki, Azərbaycan ADEX sərgisində 193 növ silah təqdim edir. Digər ölkələrlə əməkdaşlıq da yaradılıb. Azərbaycan İspaniya ilə əməkdaşlıq edərək birlüləli top istehsal edib. Guardian 30 adlanan silahın çapı 30 mm-dir. Onun istehsalına 2024-cü ildə başlanılıb və artıq bir sıra sınaqlar keçirilib. Silahın çəkisi 3 tondur və 8 ilə 13 kilometr məsafədəki hədəfləri effektiv şəkildə vurmağa qadirdir. Silah piyadaların zirehli döyüş maşınına quraşdırıla bilər. Bundan əlavə, ADEX sərgisində Azərbaycan istehsalı olan üç yeni zirehli texnika nümayiş etdirilir. ITX-6-L zirehli avtomobili müxtəlif avadanlıq və ya silahların quraşdırılması üçün nəzərdə tutulub. Naviqasiya və gecə görmə sistemləri ilə təchiz edilmiş yeni ITX-20-H zirehli hücum maşını da var. O, 12,7 mm-lik silahları quraşdıra bilir. Avtomobil partlayıcı qurğulardan mühafizə olunub və çəkisi 10 tondur. İTX-15 zirehli maşını isə təcili yardım göstərmək qabiliyyətinə malikdir. Azərbaycanda ilk yerli istehsal lazer silahı nümayiş etdirilib. Fireforce nümayişi də ADEX 2024 sərgisində baş tutub. Bu silahın lazer mənbələrinin gücü 30 kVt, çəkisi isə 900 kq-dır. Azərbaycanlı mühəndislər tərəfindən hazırlanmış silahlar yüngül zirehli maşınlara yerləşdirilir.

Sülhdən nə xəbər?

“Diplomatiyada bütün bəndlər razılaşdırılmayana qədər müqavilənin 80% razılığı anlayışı ola bilməz”. Bunu “Mənim şərəfim var” blokunun fraksiyasının rəhbəri, Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan deyib. Onun sözlərinə görə, diplomatiyanın məşhur “hər şey razılaşdırılmayana qədər, heç nə razılaşdırılmayana qədər” qaydası təsadüfən yaranmayıb. 16 bənddən 15-i razılaşdırılsa belə, sənədin tutarlılığı yenə də 0% təşkil edir, çünki bu 1 bəndin uyğunsuzluğu bütün əvvəlki razılaşmaları məhv edə bilər.
“Bu, sadəcə olaraq axmaqlıqdır: şərtlər təklif etmək, ondan imtina etmək, sonra isə onlarsız sənədi imzalamağı təklif etmək”, - deyən Mamicanyan Paşinyanın yalnız qarşıdan gələn seçki prosesləri kontekstində kiçildilmiş sülh müqaviləsinə ehtiyacı olduğunu qeyd edib. Sülh imzalanması üzərindən o, öz seçki kampaniyasını qurmaq niyyətindədir və bunun real sülh gətirməyəcəyi və Ermənistanın təhlükəsizliyini gücləndirməsi onun üçün heç bir əhəmiyyət kəsb etmir.

Deputat hazırkı baş nazir Nikol Paşinyan və komandasının yenidən seçilməsinə kömək etmək üçün Bakının güzəştə gedə biləcəyini və kiçildilmiş sülh müqaviləsi imzalaya biləcəyini istisna etməyib. “Bu güclə mən heç nəyi istisna etmirəm. Səbəbini izah edəcəyəm. 2018-ci ildə Nikol Paşinyan özü bəyan etmişdi ki, o, Azərbaycan Prezidenti İlham Əliyevdən daxili siyasi problemləri həll edərkən sərhəddəki gərginliyi azaltmağı xahiş edib. Ancaq gəlin bu vəziyyətə ətraflı baxaq. Birinci məqam: Sərhəddə gərginliyin azalması nəticəsində sərhəddə hərbçilərin ölümü qeydə alınmayıb. Amma bu, ikinci məqama gətirib çıxarır: görünən odur ki, Paşinyan bunun müqabilində nəsə vəd edib. Bu, məntiqlidir. Azərbaycan dövlətinin rəhbərindən nəsə istəyirsənsə, bunun müqabilində ən azı gələcəkdə müəyyən addımların atılacağına dair söz verməlisən. Sual yaranır: 2020-ci ildə Qarabağda, eləcə də bütün sonrakı vaxtlarda verilən və yerinə yetirilməyən vədlərin nəticəsi ola bilərmi?

Əvvəl sülh, yoxsa təzminat?

Azərbaycan və Ermənistan arasında hazırda sülhlə bağlı çərçivə prinsiplər sazişi ilə əlaqədar danışıqlar aparılır. Məlumdur ki, delimitasiya və demarkasiya prosesinin yekun mərhələsində sərhəd, kommunikasiya mövzusu tam şəkildə həllini tapa bilər. Bunun ardınca isə humanitar məsələlər aktual mövzuya çevrilir. Ermənistan dövlət olaraq Azərbaycana qarşı rəsmən ərazi iddiaları irəli sürüb, torpaqlarımızı işğal edib, ərazimizdə etnik təmizləmə aparılıb, dağıntılara yol verilib, dövlətimizə, insanlarımıza ziyan dəyib. Danışıqlar yoluyla Ermənistan dövlət olaraq öz məsuliyyətini qəbul edərək Azərbaycana təzminat verə bilər. Məsələn, Almaniya faşizmə görə məsuliyyəti üzərinə götürüb, dövlət olaraq müxtəlif dövlətlərə, insanlara təzminat ödəyib. Təzminat ödənişi prosesi yaxın vaxtlara qədər davam edib.

Əgər Ermənistan danışıqlar yoluyla təzminat ödəməyi qəbul etməsə, Azərbaycan dövlət olaraq Ermənistanı beynəlxalq məhkəməyə verə bilər. Eyni zamanda Azərbaycan vətəndaşlarının da hüquqları var ki, işğal nəticəsində onlara dəymiş ziyanlarla bağlı müxtəlif məhkəmə instansiyalarına müraciət etsinlər. Beləliklə də, bunu sübut edərək Ermənistan dövlətindən dəymiş ziyanın ödənilməsini tələb etsinlər.

Ermənistan necə, təzminatı ödəməyi düşünürmü? Təzminat müxtəlif formalarda verilə bilər, pul və ərazi kompensasiyası formasında. Danışıqlar aparıb, ərazi kompensasiyası da daxil olmaqla, müxtəlif qərarlar qəbul oluna bilər. Bunun üçün beynəlxalq məhkəmələrə müraciət olunmalı, əldə edilmiş qətnamələr vasitəsilə Ermənistanı borcunu ödəməyə, Azərbaycan xalqı qarşısında üzr istəməyə, silahlanmaya son qoymağa məcbur edə bilərik. Ermənistan təzminat ödəməkdən imtina edərsə, yaxud buna gücü çatmazsa, müxtəlif variantlar təklif edə bilər. Torpaq kompensasiyası gündəmə gələ bilər. Bu beynəlxalq təcrübədə də var.

V.VƏLİYEV