"Prezidentin çıxışı güclü olmanın düsturunu ifadə edir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

25 Sentyabr 2024 16:21 (UTC+04:00)

"Ermənistana Qərbin hərbi geosiyasi maraqlarının təmin edilməsi məqsədilə yaradılan “Avropa Sülh Fondu”, eləcə də regionda ayırıcı xətlərin təhrikçilərinin Brüssel görüşündən sonra edilən yardımlar, bu ölkənin davamlı şəkildə, həm də hücum silahları ilə silahlandırılması bölgədəki hərbi balansın rəsmi İrəvanın xeyrinə dəyişdirilməsinə, işğalçı-kapitulyant ölkənin yeni müharibəyə, revanşa hazırlaşdırıldığını sübuta yetirir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

O bildirib ki, bu proses, təkcə Ermənistandakı marginal qrupların dirçəldilməsinə deyil, həmçinin siyasi hakimiyyətin revanşizm meyllərinin güclənməsinə xidmət edir: "Belə olduğu təqdirdə, Azərbaycanın qarşısında dayanan əsas hədəf ölkəmizin hərbi qüdrətinin daim artırılmasıdır. Bu proses, artıq uzun illərdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla irəli doğru aparılır.

Azərbaycanın mövcud şəraitdə daim güclü olmaqdan başqa alternativi yoxdur. Prezidentin Milli Məclisin ilk iclasındakı çıxışı da güclü olmanın düsturunu ifadə edir.

Ermənistan xarici himayədarlarının təhriki ilə real sülh müqaviləsinin imzalanmasından yayınır. İndiki halda həm rəsmi İrəvana, həm də onun himayədarlarına, gələcəkdə yeni münaqişəyə əsas verən, fundamental təhlükəsizlik məsələlərinin yer almadığı kağız parçası lazımdır ki, rəsmi İrəvan bundan istifadə edərək kommunikasiyaların açılmasını gündəmə gətirsin və indiki kollaps vəziyyətindən və Rusiyadan iqtisadi-siyasi asılılıqdan qurtulsun, həmçinin 44 günlük müharibə və lokal antiterror tədbirləri nəticəsində bölgədə yaranmış reallıqları dəyişsin. Real mənzərə ondan ibarətdir ki, Ermənistana sülh deyil, sülhün imitasiyası lazımdır. Və şübhəsiz ki, Azərbaycan heç bir halda davamlı sülhə hüquqi baxımdan təminat verməyəcək, yeni çağırış və təhdidlərə açıq olan sülh müqaviləsinin imzalanması ilə razılaşa bilməz".

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi xarici dairələrin regiona işğal və separatizm üzərindən müdaxilə imkanlarını sıradan çıxarıb: "Bu baxımdan da, Qərb dairələri bölgəyə müdaxilə üçün boşluqların yaradılmasına səy göstərirlər. Bunlardan birinci istiqamət Ermənistanın silahlandırılması və regionda yeni müharibənin alovlanmasına cəhdlər, revanşizm meyllərinin güclənməsi, Azərbaycanla ənənəvi müttəfiqləri arasında ziddiyyətlərin yaradılması istiqamətində səylər, ikinci istiqamət isə rüsvayçı iflasa, süquta uğramış Minsk Qrupunun həmsədrlik institutunu yenidən dirçəltməklə, birtərəfli qaydada, yəni Qərbi Azərbaycanlıların öz evlərinə qayıdış hüququnu təmin etmədən Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən ermənilərin “hüquqlarının təmin olunmasını” bədnam və geosiyasi koma vəziyyətində olan ziddiyyətlər “qrupu”nun gündəminə daşımaqdır.

Beynəlxalq hüququn müasir doktrinası isə dövlətlərin özünümüdafiə hüququnun təkcə öz sərhədləri çərçivəsində deyil, daha geniş miqyasda həyata keçirilməsinin mümkünlüyünü ortaya qoyur. Bu o deməkdir ki, əgər Ermənistan ərazisindən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, vətəndaşlarının təhlükəsizliyinə real təhdidlərin artdığı nəzərə çarparsa, o zaman Azərbaycan önləyici tədbirlər həyata keçirməklə təcavüzün qarşısını ala bilər. Bu, Azərbaycanın müstəsna hüququdur".