Azərbaycan basketbol millisinin oyunlarının yeri dəyişdirilib

25 Sentyabr 2024 16:16 (UTC+04:00)

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyun təqvimində dəyişikliklər olub. Azərbaycan Basketbol Federasiyasından SİA-ya verilən məlumata görə, Beynəlxalq Basketbol Federasiyasının yekun qərarına əsasən, noyabrın 7-də Bakıda Polşa yığmasını qəbul etməli olan millimiz bu görüşü rəqib meydanında - Sosnoviç şəhərində yerləşən “Arena Sosnoviç”də keçirəcək. Həmin qarşılaşmada Polşa seçməsi ev sahibi olacaq. Əvəzində isə 2025-ci il fevral 9-da Polşa yığması Bakıda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 10-da Bakıda Litva millisi ilə keçirilməsi nəzərdə tutulan görüş də “Arena Sosnoviç”də oynanılacaq.

Qeyd olunan dəyişikliklər noyabr ayında ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) ev sahibliyi etməsi ilə bağlıdır.