UEFA Avropa Liqası: “Qarabağ”ın çempionluq şansı açıqlanıb

25 Sentyabr 2024 15:38 (UTC+04:00)

“Football Meets Data” statistika portalı UEFA Avropa Liqasının qalibi olmağa namizəd klubların adlarını açıqlayıb. SİA xəbər verir ki, siyahıda Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da var. Ağdam klubunun 1/8 finala yüksəlmək ehtimalı 35 faiz, 1/4-ə adlamaq ehtimalı 13 faiz, yarımfinala və finala çıxmaq ehtimalı isə müvafiq olaraq 5 və 2 faiz göstərilib.

“Football Meets Data”ya görə, “köhlən atlar”ın Avropa Liqasında çempionluq şansı isə cəmi 1 faizdir.

Turnirin əsas favoriti Portuqaliyanın “Portu” (10 faiz) klubu hesab olunur. İngiltərənin "Tottenhem" və İtaliyanın “Roma” (hər ikisi 9 faiz) komandaları 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsində mübarizəyə bu gün start veriləcək. “Qarabağ” ilk görüşünü sentyabrın 26-da səfərdə “Tottenhem"ə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.