“Hər kəs ailə qura bilməz" - SOSİOLOQ İZAH ETDİ

25 Sentyabr 2024 14:43 (UTC+04:00)

“Uşaqların tərbiyəsi ilə bağlı məsələ hər zaman müzakirə mövzusu olub. Qədim zamanlardan indiyə qədər müxtəlif yanaşmalar mövcud olub. Artıq çağdaş dövrün özünün tələbləri var, fərqli cəmiyyətlərdə isə fərqli tərbiyə üsulları var. Bu tərbiyə üsullarının içərisində daha sərt olanları da olub. Zaman-zaman uşaq tərbiyəsi ilə bağlı yanaşmalar dəyişdi və bununla artıq məktəblər, təhsil verən mərkəzlər məşğul olmağa başladılar”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

O bildirib ki, uşaqların tərbiyəsi ilə məktəbdən öncə ailə məşğul olmalıdır: “Valideynlər tərbiyə üsulu seçərkən diqqətli olmalı, müxtəlif araşdırmalar aparmalıdırlar. Uşaqların tərbiyəsində fiziki cəzalardan istifadə etmək adekvat deyil. Bu birbaşa olaraq uşaqların özgüvənini aşağı salır, onlarda qərar qəbul etmə qabiliyyətini itirir. Uşaqlar daha çox icraçı kimi böyüyür, onlarda lider keyfiyyətləri zəifləyir.
Uşaqlara daha müasir, səmimi formada tərbiyə vermək məqsədəuyğundur. Belə ki, uşaqların özgüvəni formalaşmalı, şəxsiyyət kimi inkişaf etməlidirlər. Buna görə də uşaqlara öz fikirlərini ifadə etməyə şərait yaratmaq lazımdır. Həmçinin uşaqları həyatın reallıqları içərisində böyütmək lazımdır ki, böyüdükdə reallıqlarla üzləşmək çətin olmasın. Həmçinin uşaqların tərbiyəsində valideyn və məktəblə yanaşı, yaşadığımız cəmiyyət də mühüm rol oynayır. Buna görə də çalışmaq lazımdır ki, sosial şəbəkələrdə sağlam paylaşımlar edilsin ki, uşaqlar da düzgün tərbiyəyə yiyələnə bilsinlər.

Fiziki cəzalar düzgün deyil, bu uşaqlarda travmaya səbəb olur. Amma uşaqları yaxşı əməllərinə görə mükafatlandırmaq, pis əməllərinə görə isə sevdikləri nələrdənsə bir müddətlik məhrum edərək cəzalandırmaq olar. Ailə qurmazdan öncə tərəflərin psixoloji testlərdən keçməsi mühümdür. Bu gələcəkdə sağlam ailə qurulması üçün çox vacibdir. Hər kəs ailə qura bilməz, bunun üçün sağlam mühit olmalıdır”.