"Azərbaycan artıq yaşıl enerji dövrünə keçid edib" - MÜNASİBƏT BİLDİRİLDİ

25 Sentyabr 2024 14:39 (UTC+04:00)

"COP29 bu il Azərbaycanda keçiriləcək. Bu isə iqlim dəyişikliyi ilə bağlı məsələdir". Bu sözləri SİA-ya açıqlamasında "Səma və Eko "sosial-iqtisadi inkişafa yardım İB-nin sədri İradə Həsənova deyib.

O bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı görülən işlərə çox ciddi nəzarət edilir: "Hətta cənab Prezident 18 sentyabrda belə COP29-la bağlı görülən işlərlə tanış olmuşdu. Ona məlumat verilmişdi ki, yolların çəkilməsi, stadionun geniş şəkildə yenidən təmir edilməsi, gələn qonaqların qarşılanması, bunların hamısı nəzərə alınıb.

COP29-a çox ciddi şəkildə nəzarət edilir, hazırlıqlar görülür. Həm də COP29-la bağlı müxtəlif tədbirlər keçirilir. Azərbaycanın bütün bölgələrində, müəssisələrində COP29-la bağlı əhali məlumatlandırılır. Azərbaycanda COP29-la bağlı bəzi insanların məlumatsızlığı var. Biz, ekoloqların da üzərinə düşən əsas məsələlərdən biri də budur ki, biz hər kəsə bu barədə çox düzgün məlumatlar verək. QHT sektorunda da ekoloqlar bununla bağlı geniş şəkildə maarifləndirmə işləri aparırlar. Eyni zamanda aksiyalar da aparırıq. Bu gün bütün Bakı şəhərində yolları yenidən təmir edirlər, velosiped və skuterlər üçün yeni zolaq xətləri çəkilir. Bunların hamısı COP29-a hazırlıq mərhələsidir. Azərbaycan da üzərinə öhdəlik götürüb ki, həmin istixana qazlarının faizinin azaldılması, temperaturun 1,5 dərəcə azaldılmasını nəzərdə tutub".

"Eyni zamanda Azərbaycan yaşıl enerji dövrünə keçid edib. Qarabağ və Şərqi Zəngəzur zonasında yaşıl enerjiyə start verilib. Naxçıvanda da artıq yaşıl enerjiyə keçirilməsi dövrünə start verilib. Bununla bağlı da bir çox ölkələrlə müqavilələr imzalanıb və pilot layihə kimi həyata keçirilir. Azərbaycanda isə bunun keçirilməsinin çox böyük əhəmiyyəti var. Əsas əhəmiyyəti ondan ibarətdir ki, bir çox dövlətin Azərbaycan haqqında fikirlərində artıq müsbət dönüş yaranacaq. Biz də çalışacağıq ki, Ermənistanın Azərbaycana vurduğu ekoloji terrordan xəbər verək. Onlar bu barədə daha çox məlumatlanacaqlar. Həqiqətən də, Azərbaycana müharibə dövründə Ermənistan tərəfindən nə qədər ekoloji zərər göstərilib. İndi də sularımızın çirkli olması Ermənistan tərəfindən gələn suların əksəriyyətinin nəticəsidir. Buna görə də Azərbaycanı bir daha dünyaya tanıtmaq, onları təbiətimizlə tanış etmək, Azərbaycanın strateji əhəmiyyətli ölkə olduğunu ortalığa qoymaq üçün COP29 ən əhəmiyyətli tədbirlərdən biridir" - deyə o, əlavə edib.