Dr.Aygün Sadıxova Avstriyada keçirilən beynəlxalq seminarda iştirak edib

25 Sentyabr 2024 10:33 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatr-neonatoloq-reanimatoloqu Aygün Sadıxova 8-14 sentyabr 2024-cü il tarixlərində Avstriya Respublikasının Zalsburq şəhərində “Ana və körpə sağlamlığı” mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib. SİA xəbər verir ki, Amerika-Avstriya Fondu tərəfindən təşkil edilmiş bu seminarda Albaniya, Azərbaycan, Belarus, Bolqarıstan, Misir, Özbəkistan, Macarıstan, Litva, Latviya, Gürcüstan, Monteneqro, Meksika və digər ölkələrdən 35 nəfər yüksəkixtisaslı mama-ginekoloqlar, neonatoloqlar və ailə həkimləri iştirak ediblər.
Seminarda ABŞ, Almaniya və Avstriyadan olan 6 professor neonatologiya və pediatriya mövzusunda aktual məsələlər və problemlər barədə maraqlı məruzələr və təqdimatlarla çıxış ediblər. Seminar işini yekunlaşdıranda həkimlərə sertifikatlar təqdim olunub.