Livan Qızıl Xaç Təşkilatı ictimaiyyətə çağırış etdi

25 Sentyabr 2024 11:50 (UTC+04:00)

Livan Qırmızı Xaç Təşkilatı İsrailin şiddətli hücumlarına məruz qalan ölkədə xalqı təcili qan verməyə çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Təşkilatın "X" hesabından edilən paylaşımda qan vermək imkanı olanlardan dərhal ən yaxın qanvermə mərkəzinə müraciət etmələri istənilib.

Yazıda qanvermə mərkəzlərinin ünvanı və əlaqə nömrələri verilərək, qanvermənin 24 saat həyata keçirilə biləcəyi vurğulanıb. Digər tərəfdən, Livanın rəsmi xəbər agentliyi NNA, Livan Qızıl Xaç Təşkilatının tələbini abunəçilərinə çatdırıb.

Qeyd edək ki, İsrail ordusu sentyabrın 23-ü səhər saatlarından etibarən Livanın cənub şəhərləri, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyi hücumlarda 50-si uşaq, 95-i qadın olmaqla 558 nəfərin öldüyünü, 1835 nəfərin isə yaralandığını açıqlayıb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal bölgələrinə köç dalğası davam edir.