Futzal üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkə

25 Sentyabr 2024 11:28 (UTC+04:00)

19 yaşadək futzalçılar arasında final mərhələsi 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib. SİA-nın Azərbaycan Futzal Federasiyasına istinadən məlumatına görə, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Yarışa Moldova ev sahibliyi edəcək. Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək “Kişinyov Arena”da keçiriləcək.

Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının tarixləri də açıqlanıb. Oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə 25-30 martda keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın U-19 yığması mübarizəyə indiyə qədər əsas mərhələdən başlayıb. Komandaların yeni mövsümə hansı raunddan başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.