Ötən sutka 28 yanğına çıxış olub

25 Sentyabr 2024 11:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib, yanğın zamanı 5 nəfər təxliyə edilib, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.