Bakıda “ADEX-2024” və “Securex Caspian” sərgiləri davam edir

25 Sentyabr 2024 10:59 (UTC+04:00)

Regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi davam edir. SİA xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən həmin genişmiqyaslı tədbir regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.

Sərgilərdə 40 ölkədən 218-dək şirkət iştirak edir. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci illə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.

On dörd ölkə isə milli pavilyonla təmsil olunur. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edirlər. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32 faiz artım qeydə alınıb.

Ənənəvi olaraq, “ADEX” müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Sərgiyə dünyanın 27 ölkəsindən 53 yüksək səviyyəli rəsmi nümayəndə heyəti qatılıb. Azərbaycan da daxil olmaqla, Belarus, Bəhreyn, Burkina-Faso, Əlcəzair, Gürcüstan, İordaniya, İsrail, İtaliya, Küveyt, Malayziya, Mərakeş, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Somali, Türkiyə, Türkmənistan, Ukrayna, Xorvatiya və Vyetnamı təmsil edən bu heyətlərin tərkibində 300-dən çox rəsmi nümayəndə sərgini ziyarət edir.

“ADEX” sərgisinin sponsorları Türkiyənin “Baykar”, İsrailin “Israel Aerospace Industries” və Qətərin “Barzan Holdings” şirkətləridir.

Pavilyonun tərkibində 4 stend fəaliyyət göstərir. “Bakı Ekspo Mərkəzi”nin qapalı ərazisində Müdafiə Sənayesi Nazirliyinin 85 kvadratmetr sahəni əhatə edən bir stendi, Nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin isə qapalı məkanda 256 kvadratmetr və 360 kvadratmetr sahələri əhatə edən iki, açıq ərazidə 500 kvadratmetr sahəni əhatə edən bir stendi quraşdırılıb.

“ADEX” sərgisi ilə paralel olaraq təşkil edilən “Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modelləri nümayiş etdirilir.

“Securex Caspian” sərgisinə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilir. 2024-cü ildə ilk dəfə olaraq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti “Securex Caspian” sərgisində stendlə iştirak edir.

Sərgilər sentyabrın 26-da yekunlaşacaq.