"Xarici siyasətdə geriyə heç bir addım olmayacaq..!"

24 Sentyabr 2024 22:03 (UTC+04:00)

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı ölkəmizin bu günü və gələcəyi ilə bağlı çağırışlarla zəngin olur. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında nitqi bu gün ölkə mətbuatında geniş şəkildə təhlil olunur, qarşıya qoyulan vəzifələrin icrasının qalib, bütövləşən, yeni Azərbaycanın qarşısında açacağı imkanlar diqqətə çatdırılır. Prezident İlham Əliyev hər zaman olduğu kimi, budəfəki çıxışında belə bir reallığı xüsusi vurğuladı ki, gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir.

Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmasına stimul verir. Bu gün böyük inamla bildiririk ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında cari ilin ötən 8 ayının sosial-iqtisadi göstəriciləri əsasında hazırkı inkişafı və qarşıda dayanan hədəfləri açıqladı. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda artım yeddi faiz olub. 2018-ci ildən indiyədək dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Dövlət başçısı İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağını bildirdi. Təbii ki, buna əsas verən iqtisadi imkanlarımızdır. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımların davamlılığında özünün aydın ifadəsini tapır. Bu hədəf də açıqlandı ki, gələcəkdə sosialyönümlü siyasəti aparmaq üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin azad Qarabağda və Zəngəzurda qeyri-neft sektorunun inkişafına xidmət edəcək yeni istehsalat sahələri açılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Qeyd edib ki, son dörd ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsidir. Prezidentin qeyd etdiyi kimi, bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, ölkəmiz üçün həmişə ən vacib məsələ olub. “Əgər mən İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat sizin qarşınızda çıxış edim” söyləyən Prezident İlham Əliyev diqqətə çatdırdığı rəqəmlərin fonunda işğaldan azad edilmiş ərazilərimizin bərpasının prioritetliyini təsdiqlədi. Belə ki, tarixi Zəfərimizdən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib. Dövlətimizin başçısı qarşıya qoyulan vəzifələr sırasında onu da qeyd etdi ki, hər ay, hər il onların sayı artacaq. Gələcək illərdə işlər daha sürətlə gedəcək. Yaxın zamanlarda gələn ilin büdcəsi Milli Məclisdə müzakirə ediləcək. Deputatlar hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər.

Deputat onu da deyib ki, dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra qarşıda duran vəzifələri açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətlə aparılması ilə yanaşı, hərbi potensialımızın artırılmasının vacibliyini də xüsusi qeyd edir. Prezident İlham Əliyev qeyd etdiyimiz çıxışında da bu məqamı xüsusi vurğuladı. Bildirdi ki, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin çıxışında hücum diplomatiyamızın uğurla davam etdirilməsi xüsusi olaraq vurğulanır. Azərbaycan daim bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətini öz üzərində hiss edir. Ölkəmizin müstəqil siyasətini, uğurlarını, hazırkı dövrdə tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını həzm edə bilməyən qüvvələr Azərbaycana qarşı əsassız təbliğatlarını getdikcə gücləndirirlər. Prezident İlham Əliyev sözügedən çıxışında diqqəti bu reallığa yönəldərək bildirdi ki, bizə qarşı ideoloji təxribatlar davam edir. Onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin suverenliyimizin bərpasına olan münasibətidir. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə media məkanımızda istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin.

Milli Məclisin deputatı Azərbaycanın tarixi Zəfərimizdən dərhal sonra Ermənistana sülh təklifindən və bu istiqamətdə göstərdiyi səylərdən bəhs edib. Təəssüf hissi ilə qeyd edib ki, qarşı tərəf hələ də konkret addım atmaq barədə düşünmür. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında sülh müqaviləsinin imzalanması məsələsinə xüsusi diqqət yönəldir. Belə bir addımın atılması ölkəmizdən daha çox Ermənistana gərəklidir. İşğalçılıq siyasəti ucbatından bu günədək bütün layihələrdən kənarda qalan Ermənistanın iqtisadi durumu ona havadarlıq edən dövlətlərə yaxşı məlumdur. Bu vəziyyət onlara Ermənistandan maraqlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə etmələrinə imkanlar yaradır. Müstəqilliyi formal xarakter daşıyan bir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır. Ermənistanın gündə bir dayı axtarışına çıxması da bunun bariz nümunəsidir. Dövlətimizin başçısı çıxışında bildirdi ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh”, ya bilmirəm “müşahidəçi” missiyası yaradılıb, halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. Ölkə Prezidenti bir daha bu çağırışı etdi ki, Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan müstəqil, prinsipial xarici siyasət həyata keçirir. Ölkəmiz əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin say tərkibinə, onların əhatə etdiyi mövzulara diqqət yetirsək, ölkəmizin beynəlxalq nüfuzunun yüksək səviyyədə, hər bir sahədə zəngin təcrübəyə malik olduğunu böyük inamla qeyd edə bilərik. Yaxın vaxtlarda ölkəmizin ev sahibliyi edəcəyi COP29 bir daha bu məqamların təqdimatı olacaq. Hər bir qlobal problemin həllində Azərbaycanın mövqeyinin önəmli olması dövlətimizin siyasətinin beynəlxalq səviyyədə təqdir edilməsinin nümayişidir. Dövlətimizin başçısı İlham Əliyev bir daha bu çağırışı etdi ki, kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq.