"Onlarla yeni növ silah yaradılıb və seriyalı istehsala verilib..."

24 Sentyabr 2024 18:32 (UTC+04:00)

“Azərbaycanın müdafiə sənayesi kompleksində son illərdə yeni silahların istehsalına başlanılıb. Belə ki, dövrə uyğun olaraq idarə olunan döyüş sursatlarının, eləcə də silahların istehsalı istiqamətində Müdafiə Sənayesi Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılır”.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Məmmədsaleh Əliyev söyləyib.

Şöbə müdiri əlavə edib ki, hazırda onlarla yeni növ silah yaradılıb və seriyalı istehsala verilib: “Bunlara misal olaraq, 120 millimetrlik minaatanı misal göstərə bilərik.

Minaatanın çəkisi yüngülləşdirilib, atış mənzili artırılıb, çətin relyefli ərazilərdə danışması daha rahat olub. Eyni zamanda, müxtəlif çaplı pulemyotların, avtomatların təkmilləşdirilməsi, PUA-ların yeni modifikasiyaları, yeni lazer topları Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində layihələndirilir və istehsalı istiqamətində əməli tədbirlər həyata keçirilir”.