Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

24 Sentyabr 2024 16:50 (UTC+04:00)

Malik Mirzəyev

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr məhv edildi, separatçılar silahı yerə qoyaraq təslim oldular.

Möhtəşəm Qələbədən ötən müddət ərzində dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır.

Bu il sentyabrın 20-si müasir tariximizə daha bir səhifə kimi yazıldı. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Qarabağ Universiteti fəaliyyətə başladı.

Dövlətimizin başçısı sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında bu ali təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşüb. Çıxışı zamanı cənab İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatları nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı. Bu günü bizə bəxş edən qəhrəman hərbiçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Prezidenti İlham Əliyev tərəfindən Xankəndi şəhərində Qarabağ Universitetinin açılışının keçirilməsi rəmzi xarakter daşıyır. Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib. Bu baxımdan sözügedən ali məktəbin yaradılması ilə ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv edilmiş irsimiz çiçəklənəcək. Biz, həmçinin Prezident İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı, intellektual potensialımızın bərpası məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq.

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Dövlət Suverenliyi Gününün təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın Vətən uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək. yap.org.az