Forumun növbəti sessiyası iki ölkənin əhalisinin media savadlılığı mövzusuna həsr olunub - FOTOLAR

24 Sentyabr 2024 16:09 (UTC+04:00)

“Rəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizə” adlı Azərbaycan-Özbəkistan Media Forumunun ikinci sessiyası “Dövlət və qeyri-dövlət media təşkilatlarının Özbəkistan və Azərbaycan əhalisinin media savadlılığının artırılması” mövzusuna həsr olunub. SİA xəbər verir ki, sessiyaya “Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşov moderatorluq edib.

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin Media təhsilində rəqəmsal texnologiyaların inkişafı şöbəsinin müdiri Tohir Umarov çıxış edərək bildirib ki, dövlət mediası lazımi resurslara və platformalara malikdir, onların və qeyri-dövlət mediasının səyləri uğurun açarı ola bilər. Şöbə müdiri əlavə edib: “Müasir təhsil layihələri, ictimai müzakirələr, jurnalistlər üçün treninqlər və təcrübə mübadiləsi proqramları əsas məqsədimizə - düzgün məlumatlandırılmış cəmiyyətin yaradılmasına nail olmağa kömək edəcək”.

Özbəkistanın Milli Mediaya Dəstək və İnkişaf İctimai Fondunun direktoru Jahongir Azimov çıxışında ixtisası olmayan şəxslərin jurnalistika sahəsində sayının artması probleminə toxunub və bu problemlə mübarizənin vacibliyini qeyd edib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev çıxış edərək diqqətə çatdırıb ki, media savadlılığı yalnız müxtəlif informasiya mənbələri ilə işləyən jurnalistlər üçün deyil, həm də həqiqəti yalandan, doğru informasiyanı feyk xəbərdən ayırmaq üçün sadə insanlara, media məzmunu istehlakçılarına da lazımdır. “Oxucular xəbərlərin doğruluğuna əmin olmaq məqsədilə AZƏRTAC-ın informasiyalarına daha çox müraciət etməyə başlayıblar. Beləliklə, zənnimcə, biz media məzmunu istehlakçılarının informasiya mənbələrinə daxil olarkən prioritetləri müəyyənləşdirmək, onları etibarlılıq və media savadlılığı meyarına görə qiymətləndirmək bacarığının inkişaf etdirilməsində dolayısı ilə iştirak edirik”, - deyə AZƏRTAC-ın İdarə Heyətinin sədri çıxışının sonunda vurğulayıb.

“Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev tədbir iştirakçılarına məlumat verib ki, jurnalistlərin peşə bacarıqlarının artırılması məqsədilə agentlik çoxsaylı treninqlər keçirir. Direktor əlavə edib ki, onun rəhbərlik etdiyi media qurumu hər hansı bir xəbəri dərc etməzdən əvvəl onun etibarlılığını yoxlayır ki, bu da informasiyanın təqdim edilməsinin keyfiyyətinin əsas göstəricisidir.