Çin dənizdən kosmosa 8 peyk buraxıb

24 Sentyabr 2024 16:00 (UTC+04:00)

Çin kommersiya peyk daşınması üçün nəzərdə tutulmuş "Cielong-3" (Ağıllı Əjdaha) raketi ilə dənizdən kosmosa 8 peyk buraxıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Sinxua" agentliyinin məlumatına görə, peyklər Sarı dəniz sahilindəki Hayyanq şəhəri yaxınlığında yerləşən dəniz platformasından buraxılıb.

"China Rocket Company" tərəfindən hazırlanmış "Cielong-3" yerdən Günəşin Sinxron Orbitinə 500 kilometr yüksəklikdə 1,5 tona qədər faydalı yük daşıya bilir. Uzunluğu 31 metr, diametri 2,65 metr olan 140 kiloqramlıq bərk yanacaqla işləyən raket dörd pilləli atəş mexanizminə malikdir. Kommersiya peyk bazarında artan tələbata cavab verməyi hədəfləyən raketin buraxılış xərclərini kilosu 10 min dollardan aşağı salacağı gözlənilir. Şirkət daha əvvəl hazırladığı "Cielong-1" raketi ilə 2019-cu ildə Günəşin Sinxron Orbitinə 3 peyk çıxarıb. Birinci nəsil raketin daşıma qabiliyyəti 200 kiloqram idi. Şirkətin növbəti nəsil "Cielong-4" raketinin 2,5 ton yükgötürmə qabiliyyətinə malik olması planlaşdırılır.