Qarabağ Universiteti dünya miqyasında ali təhsil brendi olacaq

24 Sentyabr 2024 15:46 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin 19-20 sentyabr tarixlərində Qarabağa səfəri əlamətdar hadisələrlə yadda qaldı. Xalqımız işğaldan azad olunmuş torpaqlarda dövlət başçısı tərəfindən atılan yeni təməllərin və açılışların şahidi oldu. Bütün bunlar doğma Qarabağın yeni intibahının göstəriciləridir. Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması isə regionun elm və təhsil mərkəzi kimi də əhəmiyyətini şərtləndirir”. SİA xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Prezident Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə mühüm mesajlar verib. Separatizm yuvasından təmizlənən Xankəndidən verilən mesajlar qalib Azərbaycanın indiki strateji mərhələdə dövlət siyasətinin konturları barədə konkret təsəvvür yaradır. Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan 44 günlük Vətən müharibəsinin və 23 saatlıq uğurlu lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq tarixi zəfərlərə imza atdı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilməklə 30 illik işğal faktına son qoyuldu və beləliklə də beynəlxalq hüquq, tarixi ədalət bərpa olundu. Lakin zəfərlərimiz heç də asanlıqla qazanılmayıb, bu yolda bir sıra ciddi maneələri, o cümlədən də xarici dairələrdən gələn təzyiqləri dəf etmək məcburiyyətində qalmışıq. Elə postmüharibə dövründə də zəfərlərimizi sinirə bilməyən bəlli mərkəzlər sakit dayanmırlar və hər addımda ölkəmizə qarşı qərəzli yanaşmalar ortaya qoyurlar. Qalib Azərbaycan isə İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə olduğu kimi, indi də belə təzyiq cəhdlərini qəbul etmir. Respublikamız işğaldan azad olunmuş ərazilərdə dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində inamlı addımlar atmaqla, Böyük Qayıdış proqramını uğurla reallaşdırmaqla özünün qətiyyətli siyasi iradəsini və gücünü bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin görüşdəki çıxışında bildirdiyi kimi, demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi: “Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. İşğal dövründə müxtəlif paytaxtlardan gələn qonaqlar dəfələrlə deyirdilər ki, bu məsələnin, bu münaqişənin hərbi həlli yoxdur. Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi - bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, o vaxt “Birinci Qarabağ” deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni, bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə. İstəyirdilər ki, xalqımız bu məğlubiyyətlə razılaşsın”.

P.Kərimzadənin sözlərinə görə, oxşar ssenari postmüharibə dövründə də davam edir. Ayrı-ayrı Qərb dövlətlərində və təsisatlarında genişmiqyaslı anti-Azərbaycan kampaniyası başlayıb. Fransa, ABŞ kimi ölkələr Ermənistana müxtəlif növ öldürücü silahlar tədarük etməklə məğlub ölkəni revanşizmə ruhlandırır və yeni müharibəyə təhrik edirlər. Bütün bunları riyakarlığın, ikiüzlülüyün zirvəsi kimi dəyərləndirən Prezident İlham Əliyev “Ona görə bu günə qədər bizə qarşı əsassız ittihamlar, təzyiqlər edilir. Mən hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bu gün səhər tezdən baxıram, bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir”, - deyə vurğulayıb.

Pərvin Kərimzadə qeyd edib ki, postmüharibə dövründə Azərbaycanın ünvanına əsassız ittihamlar ünvanlayan qüvvələr ilk növbədə tarixi unutmamalıdırlar. Bəlli mərkəzlər etiraf etməsələr də, yaxşı bilirlər ki, Qarabağ tarixi Azərbaycan torpağıdır, Xankəndi şəhəri Azərbaycanın qədim yaşayış yeri olubdur, onun adı da bunu göstərir - Xanın kəndi. Elə zamanında ermənilərin Qarabağa köçürülmələri və burada məskunlaşdırılmaları da məkrli planların tərkib hissəsi olub.

“Müqəddəs mübarizəmizdə igid oğullarımız qəhrəmanlıq tarixi yazdılar, Vətənə sədaqət nümunəsi göstərdilər. Ordumuz dünya hərb tarixində bir yeniliyə imza atdı. İgid əsgər və zabitlərimiz hər gün irəli gedərək yeni-yeni yaşayış məntəqələrini düşməndən azad edirdi. Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları keçirilərkən bizim 3200-dən çox qəhrəman övladımız şəhadət zirvəsinə ucalıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak edib. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Güllə yağışı altında daim irəli gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Dövlət başçısının dediyi kimi, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb. yap.org.az