İranda mədəndə partlayış olub - ölənlərin sayı 49-a çatıb

24 Sentyabr 2024 14:51 (UTC+04:00)

İranın şərqindəki Cənubi Xorasan əyalətində kömür mədənində metan qazının partlaması nəticəsində həyatını itirənlərin sayının 49-a yüksəldiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasına açıqlama verən Cənubi Xorasan vilayətinin Böhranların İdarə Edilməsi üzrə baş direktoru Məhəmməd Əli Ahundi əyalətin Tebes rayonundakı kömür mədənində sentyabrın 21-də baş verən qəza ilə bağlı son məlumatı paylaşıb.

Mədəndə baş verən metan qazı partlayışında ölənlərinin sayının 38-dən 49-a yüksəldiyini bildirən Ahundi, uzun müddət qapalı qalan mədənçilər üçün aparılan axtarış-xilasetmə işlərinin müsbət nəticə vermədiyini bildirib. Ahundi deyib: "Buna görə də mədəndə qapalı qalan mədənçilərin hamısı həyatını itirənlər arasında sayılır. Buna görə də Tebes mədənində baş verən partlayışda indiyədək 49 nəfər həyatını itirib".

Bildirilib ki, sentyabrın 21-nə keçən gecə ölkənin şərqində, Cənubi Xorasan əyalətinin Tebes rayonunda kömür mədəninin iki blokunda metan qazı partlayışı baş verib. Cənubi Xorasan Böhran Rəhbərliyinin baş direktoru Ahundi dünən verdiyi açıqlamada ölənlərin sayının 38-ə çatdığını, qapalı qalan 11 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlamışdı.