"Heç bir kişi özünü qadına çevirmək istəməz" - AYDINLIQ GƏTİRİLDİ

24 Sentyabr 2024 14:55 (UTC+04:00)

“Kişilərin özünü qadına çevirməsi və ya qadınların özünü kişiyə çevirməsi dəb deyil. Bunun dəblə heç bir əlaqəsi yoxdur. Heç bir kişi özünü qadına çevirmək istəməz. Bu qadına da aiddir. Belə şey olmur”. Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq, psixoterapevt, seksoloq Təhmasib Cavadzadə deyib.

Onun sözlərinə görə, insanın şəxsiyyətində bir cinsi şəxsiyyət bölməsi var: “Psixologiyada biz buna cinsi şəxsiyyət deyirik. Bir insan öz cinsinə uyğun şəxsiyyətlə formalaşır. Yəni, bir kişidirsə özündə kişi xüsusiyyətlərini hiss edir və kişi cinsiyyətini də qəbul edir, rəftarları da öz cinsinə uyğun olur.

Həmçinin, qadınlarda da, qadındırsa cinsinə uyğun cinsi şəxsiyyəti olur. Əgər bir insanın doğulduqdan və özünü dərk edəndən sonra fikrini dəyişmək elə olmur. İnsan doğulandan sonra, özünü, cinsiyyətini və həm də özünü dərk edən zaman hiss edir ki, onun şəxsiyyəti ilə cinsiyyəti düz gəlmir. Bəzən belə olur ki, insan içəridən özünü beyin olaraq qadın hiss edir, amma baxır görür cinsi orqanı kişi cinsi orqanıdır. Bəzən qadın da özünü daxilən, psixoloji olaraq kişi hiss edir və özündə tamamilə kişi beyni görür. Amma özünə baxdıqda görür ki, cinsiyyəti qadın cinsidir. Burada problem əmələ gəlir. Yəni cinsiyyət ilə cinsi şəxsiyyət uyğun gəlmir. Bu insanlar transgenderlər adlandırılır və onlar gedib əməliyyat edib cinsiyyətlərini dəyişirlər. Əvvəllər bu xəstəlik kimi olsa da indi hal-hazırda xəstəlik kimi götürülmür. Onlar cinsiyyətlərini dəyişəndən sonra tam bir qadına və ya tam bir kişiyə çevrilə bilirlər.

İndiki cinsi əməliyyatlar çox inkişaf etdiyi üçün onların əməliyyatları daha uğurlu olur. Əgər biz 10 il əvvələ nəzər salsaq 10 il əvvəlki cinsiyyət əməliyyatları ilə indiki cinsiyyət əməliyyatları çox fərq edir. İndikilər daha çox müasirdirlər və daha çox bənzərlik yaradırlar, əlavə olaraq onlar hormon müalicəsi alırlar və tamamilə bədən quruluşu bir qadından bir kişiyə çevrilir və ya bir kişidən bir qadına çevrilir. Bu cür də insanların cinsi dəyişir. Psixologiyada bu normal bir şey adlanır. Bir insan öz cinsini dəyişə bilər, hətta bir çox bəzi müsəlman ölkələrində də bu leqaldır. Məsələn, İranda cinsiyyət dəyişmə əməliyyatı tamamilə leqaldır və hətta dövlət özü belə cinsiyyətini dəyişmək istəyənlərə kömək edir”.

Ayşən Vəli