Qanunsuz kommunal haqqı tələb edildikdə nə etmək lazımdır? - MÜNASİBƏT BİLDİRİLDİ

24 Sentyabr 2024 14:47 (UTC+04:00)

"Vətəndaşlardan yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlaklara görə vergi tələb edilə bilər". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

O bildirib ki, Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələri vergitutma obyektləridir: "Məcəllənin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla əmlak vergisi ödəyirlər.

Məcəllədə də qeyd edildiyi kimi, vergitutma obyekti yalnız xüsusi mülkiyyətdə olan əmlaklara aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də “xüsusi mülkiyyət” dedikdə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Ona görə də Dövlət Reyestr Xidmətindən çıxarış olmadıqda həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun üçün əmlak vergisi hesablanmır. Çıxarışı olmayan evlərdən vergi tələb edildikdə, vətəndaşlar bələdiyyəyə müraciət edərək Vergi Məcəlləsinin 197.1.1 maddəsinə istinad edə bilərlər.

MTK-larda kommunal ödəniş tələbinə gəlincə, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi Mənzil Məcəlləsinin 135-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu normaya əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün isə – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır".

"Kommunal haqqların məbləğinə gəlincə, bununla bağlı qanunvericilikdə hər hansı tarif müəyyən edilməyib. Həmin məbləğə binanın idarə olunması üçün xərclər, komendant, mühafizə, təmizlik, bağban və s. xidmətlərə görə əmək haqları, işıqlandırma, lift istismarı və digər xərclərin ödənilməsi daxildir. Məbləğin əsaslandırılmış təyini, məbləğin artırılıb-azaldılması isə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin ümumi yığıncağı tərəfindən müəyyən edilməlidir" - deyə o, əlavə edib.