"Prezidentin dilindən verilən mesajların önəmi şəksizdir" - MÜNASİBƏT BİLDİRİLDİ

24 Sentyabr 2024 13:58 (UTC+04:00)

“Azərbaycanın tam suverenliyinin bərpa olunmasından sonra formalaşdırılmış yeni parlamentin ilk iclasından dünyaya ölkə Prezidentinin dilindən verilən mesajların önəmi şəksizdir. Həm ictimaiyyət üçün bunlar maraqlıdır, həm də beynəlxalq qüvvələr üçün. Ona görə ki, Azərbaycan bu zəfərlə həm regionda, həm də qlobal miqyasda yeni reallıqların yaratdığını artıq bütün dünyaya qəbul etdirib. Belə şəraitdə ölkənin həm daxili siyasət məsələlərinə, həm idarəçiliyinə, həm də onun xarici siyasətinə bir yeni baxış tezisləri lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Aydın Quliyev sözlərinə belə davam edib: “Elə çoxları da Azərbaycandan bunu gözləyirlər. Heç kim şübhə etmir ki, bölgədə sülh üçün yaranmış yeni şərait, yeni imkanlar məhz Azərbaycanın adı ilə bağlıdır və indi çox maraqlıdır ki, Ermənistanın, Azərbaycanın ilk sülh şərtlərini çək-çevirə salmağından sonra Azərbaycanın növbəti sülh taktikası necə olacaq?

Birinci növbədə Prezidentin açıqlamalarından ölkənin bölgədə sülh prosesinə münasibətinin necə olacağı ilə bağlı müəyyən rəylər götürmək mümkündür. Artıq bəllidir ki, Azərbaycan Ermənistanın aldadıcı sülh sazişinin dalınca sülh danışıqlarının arxasınca çox da az sürünmək fikrində deyil. Ümumiyyətlə, Ermənistanın sülh sazişinin imzalanmasını pozma səylərinin nəhayət bir diplomatik siyasi cavabları olacaq.

Digər tərəfdən suverenlik bərpa olunandan sonra Azərbaycanın dünyada mövqeyi xeyli dərəcədə dəyişilib. Artıq ölkə daha müstəqil və prinsipial siyasət aparır. Ona görə ki, müharibə vəziyyətində olduğumuz dövrdən fərqli olaraq Azərbaycanın ən müxtəlif dünya qütbləri ilə manevr imkanları genişlənib. İstənilən bir ölkə ilə əlaqə saxlaya bilir. Hərbi əməkdaşlıqdan tutmuş bütün başqa aspektlərdə əməkdaşlığa qədər dünyayla Azərbaycanın münasibətləri üçün yeni şərait yaranıb. Belə şərait də əlbəttə dünya üçün də, Azərbaycan üçün də maraqlıdır ki, Azərbaycanın bu şəraitdə dostları və qeyri dostları hansı prinsiplərlə müəyyən olunacaq. Bu cəhətdən Prezidentin nitqində aydın tezislər var. Azərbaycanın bugün suverenliyinin qəbul olunması ölkəyə dost münasibətin ən həlledici kriteriyası kimi artıq bəyan olundu. Yəni həqiqətən də necə ola bilər ki, Azərbaycanın suverenliyini qəbul etməyəsən amma Azərbaycanla dostluq edəsən?! Aydın məsələdir ki, Azərbaycan artıq suverenliyini tam bərpa edəndən sonra xarici siyasətində və müxtəlif dövlətlərlə münasibətində daha qətiyyətli və iddialı mövqedən çıxış etmək üçün ciddi əsaslar əldə edib.

Parlamentdə Prezidentin çıxışı eyni zamanda ölkə ictimaiyyəti üçün də maraqlı mesajlar səsləndirdi. Xüsusilə onu qeyd etmək lazımdır ki ölkə ictimaiyyəti yeni parlamentin qarşısında dayanan vəzifələrin nədən ibarət olduğunu məhz ölkə Prezidentinin dilindən eşitmək istəyirdi. Bu cəhətdən də düşünürəm ki cəmiyyətimiz öz mesajlarını aldı. Xüsusilə də indiki şəraitdə ideoloji düşərgədə Azərbaycanın daha təsirli fəaliyyətinə ehtiyac var. Biz artıq heç birimiz şübhə etmirik ki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra bizə qarşı ideoloji basqılar artıb. Xüsusilə də bu ideoloji basqıların əsas hədəfi gənclərdir və mən düşünürəm ki gənclərin bu mərhələdə ideoloji savaşın əsas hədəfi kimi seçilməsi bir növ gənclərimizdən qisas almaq məqsədi daşıyır. Çünki dünyanın mənzərəsini, bölgənin mənzərəsini dəyişən, yeni reallıqlar yaradan məhz Azərbaycan gəncliyinin gücü oldu. Buna görə də Azərbaycan gəncliyinin ideoloji mübarizədə hədəfə götürülməsi təsadüfi deyil. Bu cəhətdən də Prezident ideoloji cəbhədə qalib gəlməyin üsullarını, taktikalarını bu məruzəsində ifadə etdi. Bir sözlə Prezident həm dünyanın yaxşı mənada dünyanın bizdən gözlədiklərinə material təqdim etdi, həm Azərbaycan ictimaiyyətinin gözləntilərinə uyğun materiallar təqdim etdi, eyni zamanda ölkənin bundan sonrakı siyasətinin əsas istiqamətlərini bir daha nümayiş etdirdi”.

Ayşən Vəli