Qlobal problemlərin həlli üçün effektiv struktur tələb olunur - Hakan Fidan

24 Sentyabr 2024 13:42 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatı artan təhlükələrə qarşı liderlik nümayiş etdirə bilmir. Qlobal problemlərin ümumi həlli üçün effektiv struktur tələb olunur. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda davam edən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində təşkil olunan “Gələcəyin zirvəsi” adlı iclasda çıxışı zamanı ifadə edib.

Beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin “tarixi sınaqdan” keçdiyini qeyd edən Fidan onların böhran və münaqişələrə həll yolu tapmaq imkanlarının azaldığını vurğulayıb.

“Qlobal problemlərin ortaq həlli üçün effektiv struktura ehtiyac var. Bu strukturun daha əhatəli və çoxtərəfli olması zəruridir. BMT-də və xüsusilə BMT Təhlükəsizlik Şurasında əhatəli islahatlara ehtiyac var. BMT-də qərarvermə mexanizmləri daha demokratikləşdirilməli və qütbləşmənin qarşısını almaq üçün yollar hazırlanmalıdır. Beynəlxalq sülh və təhlükəsizliyi məhdud sayda ölkələrin “imtiyazlı qrup”unun əlinə vermək olmaz”.

Nazir çıxışı zamanı qlobal bərabərsizlik və ədalətsizliyin artdığına, bunların isə islamafobiya və ksenofobiyaya yol açdığına diqqət çəkib.

Beynəlxalq maliyyə strukturunda da islahatlara ehtiyac olduğunu vurğulayan Fidan yalnız bu yolla davamlı inkişaf məqsədlərinə nail olmağın mümkünlüyünü qeyd edib. O, ölkəsinin bu məqsədlərə çatmaq üçün hər bir platformada səylərini davam etdirəcəyini və beynəlxalq ictimaiyyətin Türkiyənin ev sahibliyi etdiyi BMT Texnologiya Bankına dəstəyini artıracağını gözlədiyini bildirib.