“Azərbaycanda ideoloji təxribatın kök salması qeyri-mümkündür” - ŞƏRH EDİLDİ

24 Sentyabr 2024 12:54 (UTC+04:00)

“Müstəqil Azərbaycanın əldə etdiyi uğurların mərkəzində xalq-iqtidar birliyi, həmrəylik və sabitlik dayanır. Ölkəmiz müstəqil siyasət yürüdür, xarici təzyiqlərə baxmayaraq demokratik inkişaf yolu ilə inamla irəliləyir, dövlətçiliyini möhkəmləndirib, milli və ideoloji təhlükəsizliyini təmin edib. İnamlı və qətiyyətli, o cümlədən balanslı xarici siyasət nəticəsində beynəlxalq imicini formalaşdıra bilib. Əlbəttə bütün bunların araya-ərsəyə gətirilməsində Prezidentimiz İlham Əliyevin fədəkarlığı, idarəçilik fəlsəfəsi dayanır. Daxili birliyə nail olan dövlət başçısı ölkənin suverenliyi və ərazi bütövlüyünü təmin edib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu il müstəqillik tariximizə seçki ili kimi yazıldı: ”2023-cü il 19 sentyabr tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi 23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi və ölkə tarixində yeni səhifə açıldı. Son 33 il ərzində ilk dəfə olaraq bütün ölkə ərazisində 7 fevral tarixində növbədənkənar prezident və 1 sentyabrda Milli Məclisə seçkilər keçirildi. Dövlətimizin başçısı İlham Əliyev Milli Məclisin iclasındakı çıxışı zamanı bir sıra məqamlara xüsusi diqqət yönlətdi. Hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi, ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı.

Prezident qanunverici orqanın qarşısında dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək. Ölkə başçısı çıxışında bildirdi ki, bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq. Prezident ölkəmizə qarşı ideoloji təxribatların davam etdiyini bildirdi və əlavə etdi ki, düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür”.