ABŞ avtomobillərdə Çin proqram təminatının istifadəsini qadağan edə bilər

24 Sentyabr 2024 12:34 (UTC+04:00)

ABŞ milli təhlükəsizlik baxımından Çin mənşəli proqram təminatının avtomobillərdə istifadəsini qadağan etməyi planlaşdırır. Səlahiyyətlilər qərarın xüsusilə avtomobil sənayesində təhlükəsizlik risklərini azaltmağı hədəflədiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Çinin texnoloji vasitələrindən istifadənin potensial risklərini vurğulayıblar və avtomobil sənayesində müstəqilliyi təmin etmək üçün bu tənzimləməni həyata keçirməyi hədəflədiklərini bildiriblər. Açıqlamada, qərarın ABŞ-dakı avtomobil istehsalçılarına təsir edəcəyi və ölkənin texnologiya siyasətlərindəki dəyişikliklərin bir hissəsi olaraq görüldüyü bildirilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mövzu ilə bağlı açıqlamasında deyib: “Çin ABŞ-ın milli təhlükəsizlik anlayışını həddən artıq genişləndirməsinə və müvafiq Çin şirkətləri və məhsullarına qarşı ayrı-seçkilik tədbirləri görməsinə qarşıdır. Biz ABŞ-ı bazar iqtisadiyyatı prinsiplərinə hörmət etməyə və Çin şirkətləri üçün açıq, ədalətli, şəffaf və ayrı-seçkiliyə yol verməyən biznes mühitini təmin etməyə çağırırıq. Çin öz qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək".