"İlham Əliyevin çıxışı yol xəritəsi, dünənə baxış, sabahla bağlı istiqamətlər idi" - ŞƏRH EDİLDİ

24 Sentyabr 2024 10:50 (UTC+04:00)

"Prezident İlham Əliyevin Milli Məclisin yeni tərkibdə ilk toplantısında etdiyi çıxış hər zamankı kimi əhatəlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, bu çıxış Azərbaycanın ən ümdə məsələlərini, ən xırda ayrıntılarına qədər əhatə edir: "O baxımdan diqqət çəkir. Əlbəttə ki, bu çıxış sadəcə olaraq faktların kanstatasiyası deyil, həm də gələcək üçün yol xəritəsidir. Yəni Prezident İlham Əliyev bu vaxta kimi gördüyümüz işlər, başımıza gələnlər, başımıza gətirilmək istəyənlər, böyük güclərin Azərbaycanı sıxışdırması və sair məsələlərlə bağlı çox yeni, yetərincə ayrıntılı və əsaslı fikirlər səsləndirdi. Eyni zamanda da bununla bir yol göstərmiş oldu.

Özəlliklə də Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı fikirləri, eləcə də ümumilikdə Azərbaycanın sabahı ilə bağlı fikirləri diqqət çəkməkdədir. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı yetərincə aydın təsəvvür yaratdı və istiqamətləri göstərdi. Burada medianın da üzərinə düşən vəzifələr haqqında danışıldı.

Ümumilikdə medianın bundan sonrakı vəzifələrinin istiqaməti də göstərildi. Söhbət ondan gedir ki, Azərbaycan yetərincə azad mediaya sahibdir. Azad medianın daha ciddi şəkildə öz fəaliyyətini davam etdirməsi Azərbaycan həqiqətlərini dünyaya çatdırması baxımından da qarşıda vəzifələr durur. Ümumilikdə götürdükdə bu, bir proqram çıxışı idi, yol xəritəsi, dünənə baxış, sabahla bağlı istiqamətlər idi. Düşünürəm ki, Azərbaycanda siyasətlə məşğul olan hər kəs bu çıxışı diqqətlə dinləmişdir. Yəqin ki, hərə öz üzərinə düşən vəzifələrin nədən ibarət olduğunu da müəyyənləşdirmişdir".