Gələn ay Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

24 Sentyabr 2024 10:06 (UTC+04:00)

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabrda Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır.

Həmçinin COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi də festivalın başlıca vəzifələrindəndir.

Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir.

Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışacaqlar.

Qeyd edək ki, STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.