"Məsafəni nəzərə alıb vaxtımızı düşünməliyik" - MÜNASİBƏT BİLDİRİLDİ

24 Sentyabr 2024 10:06 (UTC+04:00)

"Biz böyük meqapolisdə yaşayırıq. Getdikcə avtomobillərin sayı artır. Həmişə çıxışlarımızda qeyd etdiyimiz kimi çıxış yolunu həyatımızda da tətbiq edirik". Bu sözləri SİA-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

O bildirib ki, buna çıxış yolu kimi birincisi ictimai nəqliyyata üstünlük vermək, xırda nəqliyyat vasitələri, yəni velosiped, skuterə üstünlük verməkdir: "Bundan başqa da ən başlıcası iş seçərkən, ev alarkən, ofis icarəyə götürərkən mümkün qədər, maksimum dərəcədə bizə sərfəli yerdə seçməliyik. Məsafə olaraq nəzərə almalıyıq. Yasamalda yaşayırıqsa, Əhmədlidə kirayə tutmamalı, ev almamalıyıq. Təbii ki, bu hər zaman mümkün olmur, amma kimdə bu mümkündürsə, bu şəkildə planlamalıdır. Ola bilər ki, evin qiyməti, digər parametrləri bizə uyğun ola bilər, amma biz əvvəl məsafəni nəzərə alıb, vaxtımızı düşünməliyik. Bəlkə, qiymətdə qazanacaq, amma vaxt itirəcəyik. Vaxt bizim üçün ən qiymətli dəyərdir.

Binanın 10-cu mərtəbəsində yaşayıram. Birinci mərtəbədə ofisim yerləşir. Universitetlərin birində mühazirə oxuyuram, o da piyada gedəcək qədər məsafədədir. Övladlarımın məktəbi yaxında yerləşir. Həmçinin övladlarımın qeydiyyatda olduğu, tibbi baxışdan keçdikləri xəstəxana da yaxındadır. Yəni bütün bunları doğru planlayanda insan tıxacda da qalmır, əziyyət də çəkmir, şəhərin də ümumi tıxacına, atmosferinin ona mənfi təsiri olmur. Hər insan bunu bu şəkildə planlaşdıranda birincisi, özünə faydalı olur, eyni zamanda da şəhərin sıxlığına qatqısı olmur. Nəinki İstanbul, çox böyük şəhərlərdə də insanlar demək olar ki, yaşadıqları evin yanında iş tapırlar, yaxud da, işin yanında ev tapırlar".