ABŞ-dan Çin avtomobillərinə qadağa tətbiq edəcək

24 Sentyabr 2024 03:38 (UTC+04:00)

ABŞ yollarında internetə qoşulan avtomobillərdə Çinin proqram və avadanlıqlarından istifadə qadağan ediləcək. SİA xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi yazılı bəyanat yayıb.

Qeyd olunub ki, milli təhlükəsizlik baxımından bu qərar verilməlidir.

Məlumata görə, fevralda Ağ Evin göstərişi ilə aparılan araşdırmalardan sonra səlahiyyətlilər Çinin avtomobil sistemində quraşdırılmış proqram təminatından istifadə edərək amerikalı sürücülər və infrastruktur haqqında məlumatların toplanması, həmçinin avtomobil və naviqasiya sisteminin potensial manipulyasiyası ilə bağlı narahatlığını bildiriblər.

Yeni qərarla bütün Çin avtomobillərinin ABŞ bazarına daxil olması qadağan ediləcək.

Təklif 2027-ci ildən proqram təminatına qadağa qoyulmasını nəzərdə tutur. Texniki təchizatla bağlı qadağa isə 2029-cu ilin yanvarından qüvvəyə minəcək. Qərar gələn il yanvarın 20-dək yekun təsdiqini tapacaq.