Azərbaycan Prezidenti Ermənistanı silahlandıran ölkələrə xəbərdarlıq edib - Türkiyə və Şimali Kipr mediası

24 Sentyabr 2024 05:24 (UTC+04:00)

Türkiyə və Şimali Kipr Türk Respublikasının aparıcı mediası Azərbaycan Prezidenti İlham Əliyevin yeddinci çağırış Milli Məclisin birinci iclasındakı çıxışını geniş işıqlandırıb. SİA xəbər verir ki, dost ölkələrin telekanalları, informasiya agentlikləri, qəzetləri və xəbər portalları Azərbaycan liderinin Ermənistanı silahlandıran ölkələrə etdiyi xəbərdarlığı diqqət mərkəzində saxlayıb.

Türkiyə və Şimali Kipr media strukturları Azərbaycanın dövlət başçısının Ermənistanı silahla təchiz edən ölkələrin ikiüzlülüyü və regionda gələcək hadisələrə görə bilavasitə məsuliyyət daşıması barədə sözlərini sitat gətiriblər.

Prezident İlham Əliyevin rəsmi Bakıya qarşı ultimatum dilinin işlədilməsinin və Ermənistan ərazisindən Azərbaycana qarşı yeni təhdid mənbələri yaratmaq cəhdlərinin yolverilməzliyi barədə bəyanatına diqqət yetirilir.

Bildirilir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan tərəfinin Qələbəsini həzm edə bilməyən xarici dairələr Azərbaycana qarşı yeni planlar qururlar.

Azərbaycan liderinin Ermənistandakı revanşist qüvvələrin İkinci Qarabağ müharibəsinin və 2023-cü il antiterror əməliyyatının nəticələri ilə barışmaq istəməməsi ilə bağlı sözləri sitat gətirilir.