Rusiyada iki məktəbli hərbi helikopteri yandırıb

24 Sentyabr 2024 00:24 (UTC+04:00)

Rusiyanın Omsk şəhərində iki məktəbli hərbi hissənin ərazisində Mi-8 helikopterlərini yandırıblar.

Bu "təxribat" üçün onlara 20 min dollar pul mükafatı vəd edildiyi iddia edilir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Obozrevatel” Rusiya “hərbi müxbirlərinə” istinadən yazıb.

Yeniyetmələrin internet vasitəsilə əlaqə saxladıqları naməlum şəxslər onlara yanğın törətmək üçün pul təklif ediblər.

Məktəblilər təkliflə razılaşıb və hərbi obyektə daxil olaraq texnikanı yandırıblar.

Lakin cinayət törədildikdən sonra onlar vəd etdikləri vəsaiti ala bilməyiblər və tezliklə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

…Qeyd edək ki, sentyabrın 11-nə keçən gecə Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsində valideynlərindən biri Ukraynaya qarşı müharibə iştirakçısının oğlu olan iki məktəbli Mi-8 helikopterini yandırıblar.

Onlar Noyabrsk şəhərində helikopterin saxlandığı hava limanının ərazisinə keçərək yanğın törədiblər.

Əli Babayev