Numan Kurtulmuş Rusiyaya gedib

23 Sentyabr 2024 17:53 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş həmkarı - Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvətilə 23 sentyabrda Rusiyaya gedib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxtı Moskvanın Vnukovo hava limanında onu Türkiyənin Rusiya səfiri Tanju Bilgiç və digər əlaqədar şəxslər qarşılayıb.

TBMM sədrinin Moskvada ilk dayanacağı Yunus Əmrə İnstitutu olub. O bildirib ki, institut mühüm bir mədəniyyət diplomatiyası mərkəzidir. N.Kurtulmuş burada türkcə öyrənən rusiyalı tələbələrlə də görüşüb.

Rusiya Federasiya Şurasının Baş Assambleyasında çıxış edəcək Kurtulmuşun Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənilir.

TBMM-dən verilən yazılı açıqlamaya görə, N.Kurtulmuş sentyabrın 23-26 tarixlərində Rusiyada olacaq.

Türkiyə parlamentinin Rusiyaya səfəri zamanı ölkənin regional və qlobal hadisələrlə bağlı xarici siyasət baxışı çərçivəsində Türkiyə ilə Rusiya arasında əməkdaşlığın artırılmasına dair danışıqlar aparılacaq. Gündəlikdə qlobal və regional problemlərin həllində ortaq perspektivin inkişafına töhfə verəcək mövzular da var. Həmçinin Qəzza başda olmaqla, Fələstin torpaqlarına hücumlar edən İsrailin insanlığa qarşı törətdiyi cinayətlərin qarşısının alınması üçün ortaq baxışlara da diqqət yetiriləcək.