Yağın qiymətinin artması keyfiyyətə təsir edəcək? - QURUM RƏSMİSİ DANIŞDI

23 Sentyabr 2024 16:59 (UTC+04:00)

“Kərə yağının qiyməti durmadan artır və bu tendensiya davam edəcək. Çünki dünya bazarında son 3 ayda kərə yağının qiyməti 10 faiz artıb. Yerli yağ istehsalı qiymətə o qədər də təsir etmir. Yəni, əsasən kərə yağı xaricdən gətirilir. Yeni Zelandiyadan gətirilən yağ qiymətlərində sabitlik olacağını düşünürdüm, amma onlar da bu sabitliyi saxlaya bilmədilər. Buna görə gələcəkdə də yağın qiymətinin qalxmasını müşahidə edəcəyik”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə heyvandarlıq təsərrüfatı gücləndirilərsə, yağ ehtiyacını özümüz ödəyə bilərik: “Lakin bu da ən tez qarşıdakı altı il ərzində mümkün ola bilər. Düşünürəm ki, 6 il sonra Azərbaycanın yağ və ət istehsalı lazımi səviyyəyə çatacaq, xarici ölkələrdən asılılıq azalacaq.

Yağın qiymətinin artması keyfiyyətə təsir etmir, keyfiyyət sabit qalır. Saxta yağ istehsal etməyə meyilli şəxslər təbii olaraq keyfiyyəti aşağı salmağa çalışırlar. AQTA bütün qidalar kimi yağların da təhlükəsizliyini təmin edir.
Ölkəmizə bir çox xarici dövlətlərdən, Almaniya, Fransa, Yeni Zelandiyadan yağlar gəlir. Yeni Zelandiyadan gələn yağın miqdarı daha da genişləndirilməlidir ki, yağların qiymətinə təsiri olsun”.