Elimizdə, obamızda bir məsəl var, deyirlər: "Filankəsin gözü ayağının altını görmür". Ya da söyləyirlər: "Filankəs qudurub". Səbəb nədir, niyə insan qudurur və ya gözü ayağının altını görmür? Araşdıranda məlum olur ki, xəta pulun çox olmasından və ya vəzifənin yüksək olmasından yaranır. Elə ona görə də insanlar atmaca atandan sonra həmin atmacanın şərhini də verib deyirlər ki, filankəs o qədər varlanıb və vəzifə kreslosunda şişib ki, qohum-əqrəbanı saymır, dost-tanışa da salam-kəlam vermir. Adət edilən və tez-tez təkrarlanan fikir də ondan ibarətdir ki, mənim pulum və ya vəzifəm olsa, filankəs kimi harın və qudurğan olmaram. Başqa birisi də deyir ki, pulum olsa kasıblara, fağırlara əl tutub, yardım edərəm. Üçüncüsü isə deyir ki, çoxlu varım-dövlətim olsa, məscidlər tikərəm, yollar salaram, insanların sosial-məişət problemlərini həll edərəm. Diqqətçəkən xəyallarını, arzularını dilə gətirənlər də olur: "Pulum olsa filan şeyi alaram, filan şeyi edərəm və qohumlarımı yandıraram". Bəzən xoruzlanıb yekə-yekə danışanlar da olur: "Pul-para xoşbəxtlik gətirmir", "xoşbəxtliyi pulla almaq olmaz". Ancaq və lakin bir həqiqət var ki, müasir dövrün yarıtmaz və əcayib tələbləri mövcuddur. Pul olmadan həyatda yaşamaq, sağlam ömür sürmək mümkün deyil. Pulun olmadan sərnişin avtobusuna minməyə cəhd etsən, sürücü sənin sinəndən yumruqla vurub çölə atar, metroya minməyinə əngəl yaradarlar. Pul olmadan mağazadan 40 qəpiklik çörəyi almaq, evində sadə süfrə açmaq çətindir. Hələ o yekə-yekə işləri demirəm, onları ki, pulun olmasa ev tikmək, yurd salmaq, oğul evləndirmək, qız köçürmək və digər pula bağlı məsələləri həll etmək çətin və müşkül məsələdir. İndi orta əsrlər deyil ki, məhsulların dəyişdirilməsi, yəni mübadilə edilməsi həyata keçirilsin. Məlum faktdır ki, əcdadlarımız öz tələbatından artıq qalan qida məhsullarını başqa şəxslərin istehsal etdikləri və ya hazırladıqları digər məhsullarla dəyişdirmək yolu ilə mübadilə etmişlər. İndiki müasir dövr isə alqı-satqı əməliyyatlarını nağd və ya kart vasitəsi ilə edilməsini tələb edir. Pulun varsa kefin kök, damağın çağdır, yoxdursa vay sənin halına. İndiki məqamda pul qazanmaq o qədər də asan məsələ deyil. Şərait yaradılmalı, daydayın olmalıdır. Pul-pulu gətirir-deyiblər. Pulun azdan-çoxdan olsa iş qurmaq, biznes yaratmaq olar. Daydayın və qismən də olsa pulun yoxdursa, meydana girməyin də adı yoxdur.
Bəli, müasir dövrün maddi, sosial və mədəni maraqlarını əhatə edən pul bəşər övladları üçün yaşayış mənbəyi olub və yəqin ki, dünya durduqca belə davam edəcək. Məxluqlar olacaq ki, var dövlət əldə etmək, vəzifə pillələrində yüksəlmək üçün ağılasığmaz vasitə və üsullardan istifadə edəcək, onlarla insanın haqqına girəcək, hüquqların tapdalayacaq, mənən yaralamaqdan, cismən öldürməkdən çəkinməyəcək.
Pulla bağlı cəmiyyətin mövqeyini öyrənmək üçün sosial şəbəkələrə nəzər yetirdim. Məlum oldu ki, əmmaməli mollaların şinelindən çıxan elə ünsürlər var ki, onlar özlərini hər kəsdən ağıllı göstərməyə çalışır, pulu, var-dövləti necə əldə etməyin, qazanmağın yollarını "göstərirlər". Məsələn yazırlar: "Evdən çıxmadan pul qazanmağın 39 real yolu", "Kiçik sərmayə ilə hansı biznesi qurmaq olar? , "Varlanmağımıza mane olan 10 vərdiş.", "Az pulla hansı işi qurmaq olar? Və sair və ilaxır "ağıllı məsləhətlər". Halbuki, bu məsləhətlərlə çıxış edənlərin özləri ac-yalavac gündə yaşayırlar. Birini şəxsən tanıyıram, itə də bir sümük borcu var. Ancaq vaxtaşırı olaraq sosial şəbəkələrdə pul qazanmağın yolları və əldə olunan var-dövləti necə qoruyub saxlamaq və genişləndirmək haqqında dürlü-dürlü "məsləhətlər" yazır. Dünən təsadüfən "qəhrəman məsləhətçi" ilə rastlaşdım, salam -kəlamdan sonra dolanışığından, yaşayışından giley-güzar edib, yanıqlı-yanıqlı ah çəkdi. Sonda da borca pul istədi. Xətrinə dəymədim, cibimdə olan metro və nahar pulumu ona verdim. Etik qaydanı pozmaq bahasına özümü toparlayıb, sual verməkdən də çəkinmədim: "Ona-buna pul qazanmaq, var-dövlət sahibi olmaq üçün məsləhətlər verirsən, ağıllı yollar göstərirsən. Niyə özün bu ağıl dəryandan istifadə etmirsən? Sualımdan diksinən kimi oldu, gözlərini uzaq nöqtəyə dikdi, nəhayət çevrilib üzümə baxdı, yanıqlı ah çəkib dedi: "Aləmi bəzər, özü lüt gəzər" atalar misalına uyğun olaraq mən məsləhətlərimlə onu-bunu varlandırıram özüm isə gözü və könlü tox ömür yaşayıram", - deyib bu məqamda belə kürəyini yerə vermək istəmədi. Sağollaşıb ayrılınca düşündüm ki, bəlkə də sosial şəbəkələrin "qəhrəmanı" haqlıdır. Pulun qədərindən artıq çox olması insana, ümumilikdə ailələrə zərər vura bilir. Çoxsaylı hadisələrin şahidi olmuşuq və ya eşitmişik ki, pullu-paralı şəxsin ömrü çox vaxtı onun xəstəliklər tapmasına, evinin dağılmasına, ailəsini itirməsinə gətirib çıxarıb. Ailələr var ki, zamanında kralsayağı ömür sürüblər. Evləri-eşikləri, müxtəlif şəhərlərdə villaları, fərqli markalı xarici markalı avtomobilləri olub, lakin bir məqamda sahibkarın özü və ya övladlarından biri narkotika aludəçisinə çevrilib və ya içki düşkünü olub, bununla da hər şey əllərindən çıxıb. İnsanlar var ki, həyatlarının ilkin dövründə xoşbəxt, qibtə olunan ortabab yaşayışa malik ailə olublar, lakin elə ki, vəzifə kreslosu əldə ediblər və ya sahibkarlıq fəaliyyəti ilə böyük məbləğdə pullar qazanıblar, o ailədə çatlar yaranıb. Bir qədər sonra isə o ailə üzvləri pərən-pərən düşüblər. Cütlüklərin ayrılması ilə var-dövlətin bölgüsü üstündə ağır və üzücü məhkəmə çəkişmələrinin baş verməsi halı yaranır. Beləcə böyük amallar üzərində qurulan xoşbəxt ailə pulun çoxluğu və ya vəzifənin həddindən artıq şirin olması səbəbindən dağılır. Yerində isə xatirələr, niskilli qeydlər qalır. Ona görə də, Allah hər kəsə qədərincə var-dövlət yetirsin.
İLHAM ƏLİYEV