“Qərb Azərbaycanın əldə etdiyi uğurları qəbul etmək istəmir" - ŞƏRH OLUNDU

23 Sentyabr 2024 16:41 (UTC+04:00)

“Son günlər Cənubi Qafqazda münasibətlərin tənzimlənməsinə mane olmaq istiqamətində ayrı-ayrı güclər tərəfindən kifayət qədər aktivliyi müşahidə etməkdəyik. Ermənistan cəmiyyətində isə yenidən yanlış təsəvvürlər formalaşır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün bütün mümkün destruktiv imkanlardan istifadə etməyə çalışılır. Xüsusilə Qərb gücləri Azərbaycanla Ermənistan arasında indiki şərtlər daxilində sürətli şəkildə sülh müqaviləsinin imzalanmasının özlərinin maraqlarına zərbə kimi qiymətləndirdikləri üçün bu prosesin reallaşmasına mane olacaq bütün yollara addım atırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

O bildirib ki, antiterror tədbirlərinin ildönümü ərəfəsində bir sıra Qərb dövlətləri tərəfindən beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edən davranışları müşahidə etdik: “ABŞ Konqresi əsassız olaraq Azərbaycanın ərazisində mövcud olmayan “Dağlıq Qarabağın süqutu” adlı dinləmə həyata keçirdi. Çox təəssüflər olsun ki, bu dinləmələrdə Azərbaycan əleyhinə, Cənubi Qafqazdakı münasibətlərin normallaşmasına zərbə vura biləcək bəyanatlar səsləndirildi. ABŞ Cənubi Qafqazda münasibətləri gərginləşdirəcək, Ermənistan cəmiyyətində yanlış xülyaları yenidən alovlandıracaq, revanşizmi tətikləyəcək “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi absurd ifadələr işlətdi. Eyni zamanda ləğv olunmuş, hətta Ermənistan tərəfindən belə qəbul edilməyən keçmiş separatçıların nümayəndələri konqresə dəvət olunaraq, dinləmələrdə iştirak etdilər. ABŞ dövlət departamenti tərəfindən təəssüf ki, oxşar mövqeləri müşahidə etdik. Fransanın bir sıra aparıcı qurumları, vətəndaş cəmiyyətləri, Avropa siyasi təsisatları tərəfindən də Cənubi Qafqazdakı prosesləri mənfi istiqamətə yönləndirə biləcək, Ermənistanda revanşizmi alovlandıracaq addımları müşahidə etdik. Bütün bunlar göstərir ki, Azərbaycanın əldə etdiyi uğurları, yaranmış yeni reallıqları qəbul etmək istəmirlər. Azərbaycan separatizmin kökünü kəsməklə dünyada bununla üzləşən onlarla dövlət üçün bir ənənə ortaya qoyub. Azərbaycan yaratdığı nümunə ilə həmin dövlətlər üçün də çıxış yolu göstərib. Belə bir nümunənin olması isə başda ABŞ olmaqla Qərb qüvvələrinin planları ilə ziddiyyət təşkil edir.

Həmçinin Azərbaycan yaratdığı reallıqlarla Qərbin müstəsna iradəsinin qəbuledilməzliyini ortaya qoydu. Bir daha sübut olundu ki, bölgənin, xüsusilə də Azərbaycanın taleyini hansısa xarici, qlobal güclər deyil məhz Azərbaycan xalqı, dövləti müəyyən edəcək”.