Rusiya növbəti dəfə Ukraynanı hədəfə alıb - 17 nəfər yaralanıb

23 Sentyabr 2024 13:03 (UTC+04:00)

Rusiya ötən gecə Ukraynanın Zaporojya şəhərinə hücum edib. Hadisə nəticəsində 1-i uşaq olmaqla 17 nəfər xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusu gecə saatlarında Ukraynanın cənubundakı Zaporojya şəhərini hədəfə alıb.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib: “Gecə saatlarında Zaporojjyaya hava hücumu nəticəsində biri uşaq olmaqla 17 nəfər yaralanıb. Hadisə yerində xilasetmə qrupları, polis əməkdaşları, partlayıcı maddələr üzrə ekspertlər, Ukrayna Qızıl Xaç Cəmiyyətinin Çevik Hücum bölməsinin könüllüləri və digər müvafiq şəhər xidmətləri işləyir”.

Gecə verdiyi açıqlamada Zaporojya vilayətinin qubernatoru İvan Fedorov hücumdan sonra bölgədəki vəziyyətlə bağlı məlumat paylaşaraq deyib: “Rusiyanın Zaporojyanın mərkəzində həyata keçirdiyi hücumda 16 nəfər yaralanıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Bu, hazırda mövcud olan məlumatdır. Xəstəxanada olan 4 qadının vəziyyəti qənaətbəxşdir. Digər yaralıların müalicəsi isə evdə davam edir. 13 çoxmərtəbəli binaya, təhsil müəssisəsinə, şəxsi mülklərə, avtomobillərə, qarajlara və evlərə ziyan dəyib. Düşmən gecə saatlarında hücuma keçərək Zaporojya bölgəsinə azı 7 hava zərbəsi endirib. Hazırda hücum bölgələrində xilasetmə qrupları, ictimai xidmətlər və könüllülər işləyir".