"Təhsil müəssisəsini yan təsirlərdən qorumalıyıq" - EKSPERT FİKİR BİLDİRDİ

23 Sentyabr 2024 12:09 (UTC+04:00)

"Məktəb direktorları və müəllimlərə mane olan əsas məqam təbii olaraq təhsil prosesinə edilən kənar müdaxilələrdir. Bura bəzi hallarda valideynlər, bəzi hallarda isə digər qurumlar müdaxilə etməyə cəhd göstərirlər. Biz çalışmalıyıq ki, təhsil müəssisəsini yan təsirlərdən qoruyaq". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, məktəb direktorları pedaqoji fəaliyyətdən daha çox inzibati işlərlə məşğul olurlar: "Təbii ki, burada pedaqoji fəaliyyətdə məktəb direktorları altı saata qədər dərs götürə bilərlər. Amma faktiki olaraq inzibati işləri həyata keçirdikləri üçün demək olar ki, pedaqoji fəaliyyətə artıq zaman qalmır. Düşünürəm ki, digər ölkələrin təcrübəsinə diqqət yetirsək, burada yenə də məktəb direktorları istisna hallarda dərsə girir. Qalan bütün hallarda onlar yalnız inzibati idarəetmə funksiyasını yerinə yetirirlər. Ölkəmizdə isə demək olar ki, son illər məktəb direktorlarının yalnız inzibati idarəetmə işində iştirak etdiklərini müşahidə edirik. Yalnız istisna hallarda bəzi məktəb direktorları həm də pedaqoji fəaliyyətini həyata keçirir.

Məktəb direktorlarının inzibati işlərlə məşğul olmaları onların öhdəliklərində olan məsələlərə dayanır. Burada istər texniki istiqamət, istərsə də şagirdlərin davamiyyəti və davranış qaydaları məsələsi, təhsilverənlərin davamiyyəti, ümumi tədris prosesinin təşkili və idarə olunması kimi mühüm işlər yer tutur. Bütün sadalananlar məktəb direktorunun fəaliyyət istiqaməti və məsuliyyətinə daxildir.

Təhsil səviyyəsini artırmaq üçün ilk növbədə pedaqoji fəaliyyət gücləndirilməlidir və bu istiqamətdə də Elm və Təhsil Nazirliyi tərəfindən artıq prosesə başlanılıb. Müəllimlərin sertifikasiya imtahanlarının keçirilməsi məhz təhsil müəssisələrində təhsil səviyyəsinin artırılmasına hesablanıb. Daha çox uğurlu təhsilverənin olması daha uğurlu gənclərin yetişməsi deməkdir. Həmçinin gələcəkdə təhsilverənlər üçün ümumi təlimlərin keçirilməsi, bilik və bacarıqlarının artırılması da mühümdür".