Ulu Öndər hakimiyyətə gələndən sonra sabitlik yaradıldı

23 Sentyabr 2024 10:30 (UTC+04:00)

Şanlı Qələbəmizdən ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur yaradılır, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. 2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.

Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan gündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Universitetlə yaxından tanışlıqdan sonra keçirilən görüşdə ölkə başçısı xüsusi olaraq qeyd edib: "Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi".

Ölkə Prezidenti İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz 20 sentyabr tarixində olması bir daha sübut etdi ki, artıq şanlı tariximizdir. Həmçinin, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Bu görüş bütün missiyası ilə bir daha bütün Azərbaycan gəncliyinin Qarabağ Universitetinə olan marağına geniş imkan yaratdı. Və cənab prezidentimizin dövlət təhsil siyasətinə verdiyi diqqət və qayğı cəmiyyətimizə əsaslı örnək oldu.
Prezidentimizin çıxışındakı fikirlər isə ayrı-ayrılıqda tələbələrə həm tarix dərsi, həm də mənəvi düşüncələrdə milli dəyərlərə sadiqlik kimi əbədi olaraq qaldı. Cənab İlham Əliyevin çıxışında demişdir: “Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.

Eləcə də ölkə başçımız öz mütərrəqi çıxışında Ümummilli lider Heydər Əliyevin fəaliyyəti haqqında da söyləmişdir: “Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı - Sərsəng, Suqovuşan su anbarları. Bir neçə müəssisə yaradıldı və bu müəssisələrdə çalışan azərbaycanlılar müxtəlif bölgələrdən, o cümlədən Qarabağ bölgəsindən gəldilər. Bütün bunlar davam edirdi. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi”.
Şəksiz ki, bu görüş bütün aspektləri ilə həm Azərbaycan xalqının, həm də o gün orda olan tələbələrin xatirələrində ən xoş və əvəzolunmaz tarix kimi əbədi olaraq qalacaq. Dövlətimizin başçısı gənclərin qarşısında bu vəzifəni qoydu ki, "yaxşı oxuyun ki, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!"

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri