Şirvanda şəhid Əli Tağıyevin xatirəsi anılıb

22 Sentyabr 2024 20:27 (UTC+04:00)

Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Tağıyev Əli Azad oğlunun Şirvan şəhərində xatirəsi anılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, anım mərasimində şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Əli Tağıyevin doğmalarına dərin hüznlə başsağlığı verərək, Allahdan rəhmət diləyib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazanıb, 30 illik vətən həsrətinə son qoyulub. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın kapitulyasiya aktına imza atmasına baxmayaraq, erməni silahlı birləşmələrinin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib.

Qeyd edilib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə aparılan antiterror əməliyyatları nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildiyi vurğulanıb.

Şəhidin doğmaları şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Əli Tağıyev 1998-ci il iyulun 25-də Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. Şirvan şəhər 16 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. Komando hərbi birləşmələrində xidmət edib. Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyev Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunub.