Gülləkeçirməz ipək jilet necə yarandı?

22 Sentyabr 2024 23:05 (UTC+04:00)

...28 oktyabr 1893-cü il tarixində Amerika Birləşmiş Ştatlarını sarsıdan bir hadisə baş verdi: Çikaqo meri Karter Harrison evində silahlı sui-qəsdə məruz qaldı, ağır yaralandı və qısa müddət sonra vəfat etdi. Amerika siyasət dünyasının bu tanınmış şəxsiyyətinin silahlı sui-qəsdə qurban getməsi yalnız yaşadığı şəhərdə deyil, bütün ölkədə şok yaratdı. Hadisə ondan çox təsirlənən polşalı mühacir Kazimir Zeqlenin insan həyatını asanlaşdırmaqdan daha çox qorumaq üçün mühüm bir kəşfə imza atmasının yolunu açdı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İnsanlıq tarixinə nəzər salsaq, ilk dövrlərdən bəri əsgərlər özlərini balta, nizə və ya qılınc kimi silahlardan qorumaq üçün ağır qalxanlar gəzdirirdilər. Lakin zaman keçdikcə bu qalxanların yerini dəmir plitələr və ya toxunmuş zirehlər aldı. Ancaq bədən zirehləri tüfəng və tapança kimi odlu silahlar qarşısında aciz idi və savaş meydanlarında əhəmiyyətini sürətlə itirdi.

XIX əsrin sonlarına doğru artıq heç kim bədən zirehi istifadə etmirdi. Bu vəziyyət xüsusən həyati əhəmiyyətli daxili orqanları zədələyən silah yaralanmalarında ciddi qan itkisindən ölüm hallarının sayını artırmışdı, eynilə Çikaqo merinin başına gəldiyi kimi.

Elmə böyük marağı olan katolik bir rahib olan Kazimir Zeqlen insan həyatını qorumağın din xadimlərinin də borcu olduğuna inanırdı. Yeni növ bədən qoruyucu hazırlamaq yollarını axtaran Zeqlen ilk olaraq bu zirehin geyilə bilən, lakin yüngül olmasına qərar verdi. Bununla paltarın içindəki zirehin fərq edilməməsi də təmin edilirdi. K.Zeqlen yeni kəşfi üçün polad yonqarı, quru yosun və insan saçı da daxil olmaqla ağlına gələn hər cür materialı sınadı, lakin heç bir nəticə ala bilmədi. Təsadüfən Arizona ştatında yaşayan bir həkimin yazdığı bir hesabat onun əlinə keçdi. Corc E.Qudfellou (George E.Goodfellow) adlı bu həkim güllə yarası almış bir kişinin tibbi ekspert müayinəsi zamanı döş cibindəki ipək dəsmalın güllənin bədənə girişini əhəmiyyətli dərəcədə yavaşlatdığını kəşf etmişdi. Kazimir Zeqlen bu dəfə ipək sap, anqora yun və kətan parçanı qarışdıraraq öz əlləri ilə ilk gülləkeçirməz jileti tikdi. Yeni ixtirasını təsirli bir nümayişlə xalqa tanıtmağa qərar verdi. Fikir dəlilik kimi görünürdü, amma uğurlu oldu.

1897-ci ilin 16 martında Çikaqo şəhərinin mərkəzində izdihamın qarşısına çıxan Zeglen yardımcılarından yaxın məsafədən ona tapança ilə atəş açmalarını xahiş etdi. İnsanlar həm çaşqın, həm də qorxu içində baxarkən köməkçiləri bir anda tapançalarını çıxarıb Zeqleni düz sinəsindən vurdular. Güllə zərbələri əlbəttə ki ağrılı idi, amma ona heç bir zərər vermədi. İnsanlar isə təəccüblərini gizlədə bilmirdilər. Tək bir güllə yarası belə almayan polşalı ixtiraçının öz əlləri ilə tikdiyi ipək gülləkeçirməz jilet belə yarandı.

Arizona ştatından olan həkimin təsadüfən əlinə keçən otopsi hesabatı Kazimir Zeqlenin gülləkeçirməz jileti kəşf etməsinə ilham mənbəyi olmuşdu. Zeqlen ilk iş olaraq yeni kəşfinin patentini aldı. Qısa müddətdə bir çox Amerika silah istehsalı şirkəti bu yeni kəşfi izləməyə başladı. Ballistik ipək material, polad lövhə, möhkəm astar parça və dəri kəmər sistemindən ibarət olan bu yeni ixtira həm ordu, həm də polislər üçün əvəzolunmaz geyimə çevrildi.

Zamanla gülləkeçirməz jilet bir çox siyasi sui-qəsd cəhdlərinin uğursuzluqla nəticələnməsində mühüm rol oynadı. Bu gün texnologiyanın inkişafı ilə polad jiletlərin istehsalında bir çox fərqli materiallardan istifadə olunur. Bununla belə hərbiçilər, polislər və siyasətçilərdən asılı olmayaraq çox insan həyatını Kazimir Zeqlenin bu təsadüfi kəşfinə borcludur.