Balaca əllərin “Yaşıl Dünya naminə həmrəylik ili”nə töhfəsi - FOTOLAR

21 Sentyabr 2024 21:36 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Əzim Əzimzadənin mənzil muzeyində M.S.Ordubadinin xatirə muzeyi və C. Cabbarlının ev muzeyinin təşkilatçılığı ilə birgə açıq havada təmiz və ekoloji mühitdə tədbir keçirilib.

Tədbirdə M.ART rəsm studiyasının rəhbəri Münəvvər Allahquliyevanın və - M.ART rəsm studiyasının kiçik rəssamlarının ( Ramiz ,Elana,Nuray,Aynur,Məryəm,Səma,Arzum,Nur) təbiət mövzulu rəsm işləri nümayiş olunub, uşaqlar təbiət qoynunda rəsm çəkiblər. Tədbirin təşkil edilməsində məqsəd uşaqların açıq havada və qeyri- adi atmosferdə onların yaradıcı potensialını daha da genişləndirmək və maarifləndirmək idi.

Çıxış edənlər , dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdılar.

Muzeyin direktoru İradə Əzimzadə təbiət mövzusunu gündəmə gətirdikləri, öz rəsmləri ilə insanlara təbiəti qorumağın vacibliyini aşıladıqları üçün balaca rəssamlara təşəkkür etdi. O bildirdi ki, təbiəti qorumağı lap kiçik yaşlarda öyrənmək və başqalarını da maarifləndirmək şərtdir. Sonra M.ART rəsm studiyasının rəhbəri, balaca rəssamların müəllimi Münəvvər Allahquliyeva muzeyin rəhbərliyinə bu günün təşkilində və kiçik rəssamların rəsmlərinin nümayişində göstərdiyi qonaqpərvərliyə görə təşəkkür etdi.

Qeyd edək ki, dahi Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti, Əmək Qəhrəmanı Əzim Əzimzadənin vaxtilə yaşadığı ev muzeyi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildən Azərbaycanda fəaliyyət göstərən ilk ev muzeylərindən biridir. Əzim Əzimzadənin ev-muzeyi 1968-ci ildə Bakıda yaradılıb. Muzeyin fondunda rəssamın 2000 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər karikaturalar, portretlər, ornamentlər və mənzərələr nümayiş etdirilir.