Hüquqi dövlət və vətəndaş cəmiyyəti ölkənin yüksəlişinin əsas şərtidir - TƏHLİL

21 Sentyabr 2024 19:21 (UTC+04:00)

Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə yalnız müstəqillik dövrünün deyil, son iki əsrlik tarixinin ən şanlı salnaməsini yaradan xalqımız buna zamanın ağır keşməkeşlərindən, taleyinin bütün sınaqlarından alnıaçıq çıxması ilə nail oldu və bu nailiyyətlərində hüquqi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin rolu xüsusilə böyükdür.

1991-ci il 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı”nda hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması öz əksini tapsa da, konkret işlər, əməli tədbirlər, həmçinin gözlənilən islahatlar xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi. Ulu Öndər məhz dövlətin möhkəmlənməsi, eləcə də yüksəlişi üçün hüquqi dövlət quruculuğunun, demokratik cəmiyyət qurmağın, islahatların aparılmasının, bazar münasibətlərini tənzimləyən mükəmməl qanunların qəbul olunmasının vacibliyini ilk növbədə nəzərə almaqla, bu istiqamətdə uğurlu addımlara imza atdı, əməli tədbirlər görülməsini təmin etdi. “Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməli, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı-bunların hamısı bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməliyik”, deyə bəyan edən Ulu Öndər Heydər Əliyev özünün başlıca məqsədinin, amalının məhz hüququ demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq olduğunu cəsarətlə vurğuladı və bu məqsədinə, amalına da ən qısa zaman kəsiyində nail oldu. Bu baxımdan heç də təsadüfi deyil ki, ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti məhz xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin başlatdığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilməkdədir.

İstər insanlar, istərsə də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını qorumaqdadır. Dünyada nə qədər dəyişikliklər baş versə də, yeni prinsplər, meyarlar, dəyərlər meydana çıxsa da bu məsələ öz aktuallığını bundan sonra da qoruyacaq. İnsan hüquqlarının müdafiəsi və hüquqi dövlət prioritet məsələ olaraq Azərbaycanda da qəbul edildiyinə görə də sözügedən sahədə davamlı şəkildə, mütəmadi olaraq islahatlar aparılmaqdadır. Azərbaycan dövlətinin hər bir vətəndaşın qarantına çevrildiyinin bütün dünyada qəbul olunması heç də təsadüfi sayılmır, çünki ölkəmizdə vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. Nəzərə almaq lazımdır ki, vətəndaşların hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyətindən, nə də hüquqi dövlətdən danışmaq olmaz və elə buna görə də dövlətimiz vətəndaş hüquqlarının, azadlıqlarının keşiyindədir.

Hüquqi dövlət qurmaqda, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaqda hər bir cəmiyyət maraqlıdır. Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlət qurulması, eləcə də vətəndaş cəmiyyətinin bərqərar olması bizim üçün də, ölkə vətəndaşları üçün də qürurvericidir. İlk növbədə ona görə ki, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin olması ölkədə demokratiyanın, demokratik cəmiyyətin olduğunu təsdiq edir. Ölkəmizdə hüquqi dövlətin qurulmasına və vətəndaş cəmiyyətinin bərqərar olmasına görə qürur hissi keçirməyə məhz bu baxımdan hər birimizin haqqı var. Belə bir cəmiyyətin inkişafından, yüksəlişindən əlbəttə ki, danışmağa dəyər və biz hər birimiz bu inkişafın, tərəqqinin şahidiyik.

Dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilmədiyi bir aksiomdur. Ona görə ki, vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan dövlət demokratik ola bilməz, hansı ki, demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyəti də məhz hüquqi dövlətdir və bu, ümumi bəşəri sərvət hesab olunur. Qanunların aliliyini təmin edən hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması sağlam cəmiyyətin olduğunu təsdiq edir və belə bir cəmiyyətdə inkişafa, tərəqqiyə, eləcə də yüksəlişə ümid etməyə dəyər.

Hazırki dövrdə işlənən mənada vətəndaş cəmiyyəti termini 18-ci əsrdən başlayaraq istifadə edilib. Ona görə ki, məhz həmin dövrdən başlayaraq vətəndaş cəmiyyəti sosial cəmiyyətin inkişafında daha yüksək pillə hesab edilməyə başlanılıb. Elə həmin dövrdən də başlayaraq vətəndaş cəmiyyətinin yaradılmasında başlıca məqsəd insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat və siyasi məsuliyyət götürməyə hazır vətəndaş - mülkiyyətçilərə çevrilməsinə şərait yaratmaq olub. Vətəndaş cəmiyyəti quruculuğu deyiləndə həm də demokratik dəyərlərin mövcudluğu nəzərdə tutulurdu, çünki başa düşülürdi ki, sağlam şəraitdə və sağlam şəkildə təşki edilmiş vətəndaş cəmiyyəti həm də dövlətin gücü, inkişafı, yüksəlişi deməkdir.

Vətəndaş cəmiyyətinin inkişafına hal-hazırda ölkə rəhbəri, cənab Prezident İlham Əliyev xüsusi diqqət ayırır. Təməli Ulu Öndər Hedər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq milli mənafelərimizin, dövlətçilik maraqlarımızın üstün tutulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin qayəsini təşkil edir. Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasətin parlaq nümunəsidir və ölkə rəhbərimizin siyasətinin mərkəzində insan amili durduğu günümüzün reallığıdır. Elə buna görə də cəsarətlə deyə bilərik ki, ölkəmizdə qurulan hüquqi dövlət, eləcə də vətəndaş cəmiyyəti yüksəlişimiz üçün əsas şərt hesab olunur.

Müəllif: İnam Hacıyev

6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.