"ABŞ Konqresinin komissiyasında Azərbaycana qarşı səsləndirilən fikirlər təəssüf doğurur"

21 Sentyabr 2024 16:49 (UTC+04:00)

ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” mövzusunda dinləmələrin təşkil olunması və çıxış edənlər tərəfindən mövcud faktların açıq şəkildə təhrif olunaraq ölkəmizə qarşı əsassız fikirlərin səsləndirilməsi ciddi təəssüf hissi doğurur. SİA xəbər verir ki, bu fikirlər ombudsman Səbinə Əliyevanın ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasında ölkəmizə qarşı səsləndirilən əsassız fikirlərinə dair şərhində yer alıb.

Ombudsman, həmçinin bildirib ki, Azərbaycan tərəfindən 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tam şəkildə uyğun olaraq həyata keçirilib, mülki əhali heç bir zaman hədəfə alınmayıb.

“Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşının, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşlarının beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.

Otuz ilə yaxın işğal müddətində Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri, fundamental insan hüquqlarının davamlı olaraq pozulması, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi barədə məlumatların ölkəmizə təqdim olunmaması, həmçinin torpaqlarımızın minalarla çirkləndirilməsi, ətraf mühitə ziyan vurulması, ekosid cinayətlərinin törədilməsi faktlarının gözardı edilərək ölkəmizə qarşı ittihamların səsləndirilməsi Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilməsinin və məsələyə qərəzli yanaşmanın təzahürüdür.

Bir daha bildirmək istərdik ki, Ermənistanın azərbaycanlılara qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 20 faizi bu ölkə tərəfindən işğal olunmuş, həmçinin yüz minlərlə soydaşımız indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalmışdır.

ABŞ Konqresinin ölkəmizə qarşı ikili standartlar, birtərəfli və qərəzli yanaşmalar nümayiş etdirməsini qətiyyətlə pisləyir, əksinə, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə münasibət bildirməyə çağırırıq”, - deyə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib.