Şabranda İran vətəndaşının kuryerliyə cəlb etdiyi şəxsdən 50 kiloqram marixuana aşkarlanıb - FOTOLAR

21 Sentyabr 2024 15:51 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1997-ci il təvəllüdlü Tərlan Əzimov Şabran rayonu ərazisində saxlanılıb. SİA xəbər verir ki, saxlanılan şəxsin üzərindən və avtomobilindən 50 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 4 min 780 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

T.Əzimov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Xəzər dənizinin Şabran rayonu sahilində əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat tədbirləri davam etdirilir.