“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi” təsdiq edilib - FOTO

21 Sentyabr 2024 15:11 (UTC+04:00)

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əsasnamədə qoruğun vəzifələri və fəaliyyət istiqamətləri, xüsusi mühafizə rejiminin xüsusiyyətləri və ərazisində yerləşən abidələrdən istifadə qaydaları, maliyyələşdirilməsi, hüquq və məqsədləri, fəaliyyətinin təşkili və digər məsələlər öz əksini tapıb.

Əsasnaməyə əsasən, Qoruq Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu və Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənilmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlərin yerləşdiyi, eyni zamanda zəngin təbii potensiala, iqtisadi və ekoloji resurslara malik olan, dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq Mərkəzlə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Mərkəz vasitəsilə Dövlət Turizm Agentliyinə təqdim edir. Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın mühafizəsini, abidələrin funksional təyinatını, memarlıqestetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə Agentliyin təklifi əsasında Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır. Qoruğun fəaliyyətinə Mərkəzin təqdimatı ilə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.

Qeyd edək ki, Qoruq Azərbaycan Prezidentinin 2023-cü il 16 iyun tarixli Sərəncamı ilə yaradılıb.