Hidrometeorologiya Xidməti bu qışın sərt keçəcəyi barədə məlumatlara aydınlıq gətirib

21 Sentyabr 2024 14:58 (UTC+04:00)

“Ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir”. SİA xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. Onun sözlərinə görə, uzunmüddətli hava məlumatları vermək fərziyyə xarakterlidir və qışın necə keçməsi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzlərinin (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF) fəsillik proqnozlarına əsasən hazırlanır. Qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü əhatə edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur.

N.Mahmudov əlavə edib ki, xidmət payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcək.